ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirlikləri müharibə bitdikdən sonra Qəzza zolağına rəhbərlik etmək üçün Fələstin liderləri və iş adamlarından ibarət milli komitənin yaradılması üzərində işləyirlər. Mənbələrin yazdığına görə, bu milli komitə bütün Fələstin fraksiyalarının əsas nümayəndəsi kimi çıxış edəcək. Əslində isə komitənin üzvləri FƏTH-in mühacirətdəki keçmiş lideri Məhəmməd Dahlana sadiq olacaq.
İddia edilir ki, M.Dahlan gələcəkdə Fələstin Prezidenti Mahmud Abbası əvəz edəcək.
Məlumata görə, beynəlxalq və regional dövlətlər, o cümlədən qonşu Misir və İordaniya 88 yaşlı Mahmud Abbasa bu təklifi qəbul etməsi üçün təzyiq göstərir. Həmçinin Vaşinqtonun HƏMAS-ı razı salması üçün Qətərə də təzyiq göstərdiyi bildirilir. Lakin Dohanın planının bu hissəsinə razı olacağı hələlik bəlli deyil.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Qəzzada müharibənin bitməsi və atəşkəsin əldə olunması istiqamətində atılan addımlar ciddi nəticə verməsə də, beynəlxalq ictimaiyyət və ya maraqlı tərəflər artıq müharibədən sonrakı dövr haqqında danışıqlar aparırlar:
“Bu danışıqlarda ABŞ, İsrail, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər xüsusi çəkiyə malikdirlər və istənilən qərarın qəbul edilməsi üçün bu dövlətlərin hamısının razılığı və ya xeyir-duası zəruridir. Amma hazırda bu ölkələr arasında Qəzzanın gələcək idarəçiliyi ilə bağlı danışıqların aparılması haqqında məlumatlar gəlməkdədir. Danışıqlarda iştirak edən tərəflər bir tərəfdən bölgəyə sülh və əmin-amanlığı gətirmək istəyir, digər tərəfdən isə Yaxın Şərqin taleyində mühüm çəkisi olan Türkiyə və İranın bu müzakirələrdə iştirak etməsini arzulamır. Onların regionun taleyində rol almasına qarşı çıxırlar. Belə olan təqdirdə Türkiyə və İranın iştirak etmədiyi sülh prosesinin uğur qazanmaq ehtimalı varmı? Təbii ki, müsbət cavab vermək çətindir”.
Ekspert deyib ki, FƏTH-in mühacirətdəki keçmiş lideri Məhəmməd Dahlanın sözügedən komitəyə rəhbər gətirilməsini planını ABŞ və İsrail siyasətçiləri tərəfindən ortaya atıb:
“Dahlanın İsrail və ABŞ xüsusi xidmət orqanları ilə sıx münasibət saxladığı və buna görə də Fələstin xalqı və HƏMAS tərəfindən qəbul edilməməsi hamıya məlumdur. Digər tərəfdən, Fələstində doğulan Dahlan qeyri-qanuni fəaliyyətindən dolayı ölkəsində sevilmir.
O, Türkiyəyə qarşı olan BƏƏ tərəfindən bir müddət himayə edilirdi. FETÖ-çuların uğursuz çevriliş cəhdindən sonra Misirə qaçdığı deyilir. FƏTH lideri daha öncə Yasir Ərəfata sui-qəsd planı həyata keçirməsi iddiası ilə gündəmə gəlmişdi. Bu səbəbdən Fələstindən qaçmağa məcbur olmuşdu. BƏƏ-nin siyasi elitalarından əldə edilən məlumata görə, Misirin keçmiş lideri Məhəmməd Mursiyə qarşı həyata keçirilən çevrilişin ssenarisinin eynisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana tətbiq edilməli idi.
Əlimusa İbrahimov
Belə olan halda, bu cür qaranlıq keçmişə malik Dahlanın gələcəkdə Fələstinə rəhbərlik etməsi planı nəyə hesablanıb?
Bu sualın ən bəsit cavabı Qəzzanın taleyini düşünənlərin əslində öz maraqlarını hər şeydən üstün tutmasıdır. Çünki onlar tökülən qanın qarşısının alınması barədə düşünsəydilər, atəşkəs əldə olunmadan, İsrail raketləri altında bölgənin gələcək taleyini müzakirə etməzdilər. Hazırda müzakirə olunacaq ən birinci məsələ atəşkəsin əldə olunması və İsrailin dinc əhaliyə qarşı hücumlarının dayandırılmasıdır. Buna nail olmadan hansı gələcək dövlət quruluşundan söhbət gedə bilər.
Düşünürəm ki, Qəzzanın gələcək taleyinin indi müzakirə olunması, həm də HƏMAS-ın və Türkiyə ilə İran kimi regionun ən ciddi aktorlarının iştirakı olmadan müzakirə olunması diqqəti regionda gedən proseslərdən yayındırmaqdan başqa bir şey deyil. İsrail və ABŞ belə ikinci, üçüncü dərəcəli məsələləri ortaya atmaqla diqqəti Qəzzada gedən proseslərdən yayındırmaq məqsədi güdürlər”.
Turan Rzayev
Globalinfo.az














