“ABŞ İranla genişmiqyaslı müharibənin astanasındadır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti amerikalı rəsmiyə istinadən məlumat yayıb.
İddialara görə, İraq və İordaniyada ABŞ hərbçilərinin həlak olmasından sonra Vaşinqtonla Tehran arasında gərginlik daha da artıb.
“Pentaqon Yaxın Şərqdə yerləşdirilən hərbi təyyarələrin sayını artırmağa başlayıb. Lakin ABŞ-ın bölgədə hərbi əməliyyatları genişləndirməsi hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli sursat ehtiyatlarının azalması, eləcə də əlavə qoşun və təyyarələrin regiona operativ şəkildə göndərilməsi imkanlarının məhdud olması səbəbindən çətinləşə bilər”, – deyə nəşr yazıb.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İordaniyada iki amerikalı hərbçinin həlak olduğunu açıqlamışdı. Daha sonra həmin ərazidə şəxsiyyəti hələ müəyyənləşdirilməmiş daha bir şəxsin qalıqları aşkarlanıb. Eyni zamanda, İraqda İranın pilotsuz uçuş aparatının zərbəsi nəticəsində yaralanan bir ABŞ hərbçisinin həyatını itirdiyi bildirilib.
“The Wall Street Journal” isə daha əvvəl ABŞ-ın Avropadan Yaxın Şərqə əlavə döyüş təyyarələri və havada yanacaq dolduran tanker təyyarələri göndərdiyini yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az