Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan üçün Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri ilə əməkdaşlığı genişləndirmək baxımından yeni imkanlar açır. İki ölkə arasında 2025-ci ildə ticarət dövriyyəsinin 150 milyon dolları ötməsinə baxmayaraq, mövcud potensial hələ tam reallaşdırılmayıb.
Enerji, investisiya, sənaye və nəqliyyat-logistika sahələrində əməkdaşlıq səfərin iqtisadi gündəliyini ön plana çıxarır. Əsas hədəf isə siyasi tərəfdaşlığı konkret iqtisadi layihələrə, yeni bazarlara və qarşılıqlı investisiyalara çevirməkdir.
Bu mənada Prezidentin Vyetnam səfəri iqtisadi baxımdan mühüm dividendlər və yeni əməkdaşlıq imkanları vəd edir.
Globalinfo.az-a danışan iqtisadçı ekspert, deputat Vüqar Bayramov deyib ki, Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafı müşahidə olunur:
“Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında iqtisadi münasibətlərdə yeni səhifə aça bilər. Xüsusilə nəzərə alaq ki, Vyetnam Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı baxımından yeni imkanlar yaradır. Hazırda Vyetnamın Azərbaycana ixracı Azərbaycanın bu ölkəyə ixracından xeyli çoxdur. Ümumi ticarət dövriyyəsinin 96 faizdən çoxu Vyetnamdan idxalın payına düşür.
Azərbaycanın bu istiqamətdə əsas hədəflərindən biri Vyetnam da daxil olmaqla, Asiya regionuna yerli məhsulların ixracını artırmaqdır. Həmin regionda ərzaq və bir sıra kənd təsərrüfatı məhsullarına tələbat yüksəkdir. Bu da Azərbaycan məhsullarının sözügedən bazarlara çıxarılması üçün əlavə imkanlar yaradır.

Vüqar Bayramov
Bundan başqa, Vyetnam şirkətləri ilə Azərbaycanın enerji sektoru, o cümlədən neft–qaz və bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafı istiqamətində işlər görülür. Artıq 7 Vyetnam şirkəti Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəaliyyət göstərir.
Bir tərəfdən iqtisadi dövriyyənin artırılması, digər tərəfdən isə qarşılıqlı investisiyaların təşviqi mühüm prioritetlərdəndir. Prezidentin səfəri bu hədəflərin reallaşmasına da töhfə verə bilər.
Azərbaycan orta gücə malik, regionda sülhə töhfə verən ölkədir. Vyetnam isə beynəlxalq logistika sahəsində imkanlarını genişləndirməyə çalışır. Bu baxımdan iki ölkə arasında bir çox istiqamətdə əməkdaşlıq üçün geniş potensial mövcuddur”.
Turan Rzayev
Globalinfo.az