Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması ilə bağlı təklifi müzakirələrə səbəb olub. O, Rusiyanın türk dünyası ilə tarixi əlaqələrini və ölkədə çoxsaylı türk xalqlarının yaşamasını əsas gətirərək, Moskvanın təşkilatda təmsil olunmasını təklif edib.
Bəs Rusiya Türk Dövlətləri Təşkilatına üzv ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov hesab edir ki, Kasım-Jomart Tokayevin bu təklifinə ciddi yanaşmaq lazımdır:
“Rusiyanın özündə böyük türk icmaları var. Başqırdıstan, Tatarıstan, Həştərxan vilayəti, Orenburq və digər ərazilərdə çoxsaylı türk xalqları yaşayır. Eyni zamanda, Rusiyada böyük müsəlman icması mövcuddur. Buna görə də Türk Dövlətləri Təşkilatında Rusiyanın iştirakı Moskvanın da maraqlarına uyğun ola bilər. Bu təşkilatda Rusiyanın təmsil olunması, məncə, Rusiya ilə türk dövlətləri arasındakı münasibətlərə yeni çalar gətirə bilər. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla Rusiyanın tarixən sıx əlaqələri olub. Düzdür, hazırkı geosiyasi və geoiqtisadi transformasiyalar bu münasibətlərə müəyyən gərginlik gətirir, yeni tendensiyalar formalaşdırır. Lakin Moskva ilə Bakı, Ankara, Astana və digər paytaxtlar arasında etimad mühitini gücləndirəcək, əməkdaşlığa əlavə imkanlar yaradacaq təşəbbüslərin reallaşmasında nə üçün maraqlı olmayaq?”
Politoloq qeyd edib ki, söhbət böyük və bir-biri ilə sıx bağlı olan coğrafiyalardan gedir:
“Türk dövlətləri ilə yanaşı, Rusiyanın müxtəlif vilayətlərində də çoxsaylı türk xalqları və müsəlman icmaları yaşayır. Onların da münasibətlərin genişlənməsində xüsusi rolu var. Prezident İlham Əliyevin də bu istiqamətdə mühüm çağırışları olub. Dövlət başçısı qeyd edib ki, ikitərəfli münasibətləri uğurla inkişaf etdirsək də, regionlararası əlaqələri də genişləndirmək lazımdır. Regionlar arasında inteqrasiyanın xüsusi əhəmiyyəti var. Prezidentin digər çağırışı isə qonşularımızla yanaşı, onların qonşuları ilə də əlaqələr qurmağın vacibliyi ilə bağlıdır. Tranzit və kommunikasiya imkanlarımızın genişlənməsi, yerüstü nəqliyyat əlaqələrinin şaxələndirilməsi baxımından bu yaxınlaşmanın böyük rolu var. Beləliklə, əməkdaşlığın coğrafiyası genişlənir və bu proses daha böyük əhəmiyyət kəsb edir”.
Tofiq Abbasov hazırda dünyada qarşıdurma meyillərinin gücləndiyini xüsusi vurğulayıb:
“Körfəz regionunda baş verən müharibə, Rusiya ilə Ukrayna arasında davam edən qanlı müharibə və digər münaqişələr bütün xalqlara təsir göstərir. Belə şəraitdə mümkün risklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək vacibdir. Bu tədbirlərin başında inteqrasiya imkanlarının və əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi dayanır. Çünki müxtəlif ərazilərdə və coğrafiyalarda yaranan boşluqlar əməkdaşlıq potensialı hesabına aradan qaldırılmalıdır ki, bədniyyətli qüvvələr həmin boşluqlardan öz məqsədləri üçün istifadə edə bilməsinlər. Digər tərəfdən, beynəlxalq təşkilatların da bu gün xüsusi rolu var. Azərbaycan bloklara qoşulmamaq siyasəti yürüdür, lakin beynəlxalq əməkdaşlıq təşkilatlarında və platformalarında hər zaman fəal iştirak edir. Ölkəmizin bu sahədə innovativ yanaşması, yeni təşəbbüslərlə çıxış etməsi və proseslərə əlavə impuls verməsi beynəlxalq miqyasda diqqət çəkir”.
Tofiq Abbasov
Politoloq bildirib ki, bir çox dövlətlərin Azərbaycanla birbaşa əlaqələr qurmağa can atması da əməkdaşlıq sahəsində əldə etdiyimiz nəticələrlə bağlıdır:
“Məsələn, Azərbaycan Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə 80-ə yaxın ölkəyə yardım göstərib. Eyni zamanda, vaksin diskriminasiyasına son qoyulması ilə bağlı BMT Baş Assambleyası səviyyəsində Prezident İlham Əliyevin təşəbbüsü olub. Həmin tədbirdə Azərbaycanın çağırışları beynəlxalq ictimaiyyətə çatdırılıb və pandemiya dövründə çətin vəziyyətdə olan ölkələrə yardım göstərilməsi məsələsi diqqətə gətirilib. Hesab edirəm ki, humanitar sahədə yumşaq gücün fəallaşması da Azərbaycan diplomatiyasının əməli fəaliyyətinin nəticəsidir”.
Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması təşəbbüsünə gəlincə, politoloq Moskvanın təşkilata tamhüquqlu üzv kimi deyil, müşahidəçi qismində qatılmasını daha real hesab edir:
“İnanmıram ki, Rusiya ilk mərhələdə tamhüquqlu üzv olmaq istəsin. Bu məsələdə Azərbaycan diplomatiyasının da təşəbbüsə qarşı çıxacağını düşünmürəm. Əksinə, Azərbaycanın buna müsbət yanaşması mümkündür. Çünki Rusiya ilə əməkdaşlığımız yüksək səviyyədədir. 2022-ci ilin fevralında Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Sənədə Prezident İlham Əliyev və Vladimir Putin imza atıblar. Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın da Rusiya ilə münasibətləri mövcuddur. Türkiyə ilə Rusiya arasında əlaqələr də intensiv şəkildə inkişaf edir. Düzdür, tərəflər arasında müəyyən ziddiyyətlər və fikir ayrılıqları var, lakin bunlar ikitərəfli ticarət dövriyyəsinin artmasına mane olmur”.
Tofiq Abbasov bildirib ki, diplomatiyanın əsas vəzifəsi mövcud problemləri və ziddiyyətləri aradan qaldırmaqdır:
“Bu məsələlər yalnız dialoq yolu ilə həllini tapa bilər. Türk Dövlətləri Təşkilatı da dialoqa açıq platformadır. Düşünürəm ki, bu prosesdə əməkdaşlıq imkanlarını genişləndirmək, əlaqələri şaxələndirmək və iştirakçıların sayını artırmaq mümkündür. Hazırda Macarıstan da təşkilatda müşahidəçi qismində fəaliyyətini davam etdirir. Düşünürəm ki, Macarıstanın yeni hakimiyyəti, o cümlədən yeni baş nazir də bu məsələyə yenidən baxmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, beynəlxalq əməkdaşlıq təşkilatlarına yeni iştirakçıların qoşulması mənfi deyil, əksinə, böyük uğurlar və qarşılıqlı fayda vəd edir”.
Zaira Akifqızı
Globalinfo.az