taleh kazimov bank

Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov kiçik banklara birləşmə və satınalma ilə bağlı mesaj verib. O bildirib ki, ölkədə çoxsaylı kiçik bankların fəaliyyət göstərməsi vacib deyil və birləşmə, eləcə də satınalma çıxış yolu ola bilər.

Bu açıqlamadan sonra bank sektorunda hansı dəyişikliklər gözlənilir? Kiçik bankların birləşməsi və ya satın alınması prosesi sürətlənə bilərmi? Bank sektorunda konsolidasiya hansı nəticələrə səbəb olacaq?

Globalinfo.az-a danışan “Crypto Consulting MMC”-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Taleh Kazımovun kiçik banklarla bağlı açıqlamasını Azərbaycan bank sektorunda mümkün struktur dəyişikliklərinə dair mühüm mesaj kimi qiymətləndirib.

O bildirib ki, yaxın illərdə bankların birləşməsi və satın alınması prosesi daha da aktuallaşacaq:

“Hesab edirəm ki, yaxın illərdə bankların birləşməsi və satın alınması prosesi daha da aktuallaşacaq. Əvvəlki dövrlərlə müqayisədə problemli bankın bağlanması hər zaman ən optimal çıxış yolu deyil. Çünki bankın bağlanması Əmanətlərin Sığortalanması Fondunun üzərinə əlavə maliyyə yükü yarada, əmanətçilər arasında narahatlığa səbəb ola və ölkənin maliyyə sisteminə, eləcə də investisiya mühitinə olan etimada mənfi təsir göstərə bilər. Bu baxımdan, Mərkəzi Bank üçün bankların könüllü birləşməsini və satınalma əməliyyatlarını təşviq etmək daha məqsədəuyğun strategiyadır. Belə yanaşma bankın fəaliyyətini dayandırmaq əvəzinə, onun aktivlərinin, müştəri bazasının və maliyyə resurslarının daha güclü institutun tərkibində qorunmasına imkan yaradır”.

İqtisadçı deyib ki, hazırda bank sektorunda əsas problemlərdən biri kiçik və orta bankların iri banklarla rəqabət aparmaq imkanlarının məhdud olmasıdır:

“Bəzi kiçik bankların müştəri bazası kifayət qədər məhduddur. Onların fəaliyyəti əsasən bir neçə korporativ müştəriyə xidmət göstərilməsi üzərində qurulub. Belə banklar geniş pərakəndə bank xidmətləri, rəqəmsal məhsullar və müasir maliyyə həlləri baxımından tammiqyaslı universal bank kimi fəaliyyət göstərə bilmirlər. Nəticədə onların bazarda rəqabət qabiliyyəti zəif olur”.

Elnur Quliyev bildirib ki, ilk beşlikdə yer alan banklarla müqayisədə kiçik bankların kapital, depozit bazası, texnoloji investisiyalar və müştəri əhatəsi baxımından imkanları daha məhduddur:

“Müasir bankçılıqda rəqabət aparmaq üçün rəqəmsal platformalara, kibertəhlükəsizliyə, süni intellektə və yeni maliyyə məhsullarına ciddi investisiyalar tələb olunur. Kiçik banklar üçün bu xərcləri qarşılamaq daha çətindir. Bu baxımdan, Bank Respublikanın AccessBank-ı satın alması sektor üçün əhəmiyyətli nümunədir. Bu əməliyyat göstərir ki, bankların birləşməsi yalnız maliyyə çətinliyi yaşayan institutların xilas edilməsi deyil, həm də bazar mövqeyinin gücləndirilməsi və inkişaf strategiyası ola bilər.

elnur quliyev

Elnur Quliyev

Bankların konsolidasiyası Mərkəzi Bank üçün də bir sıra üstünlüklər yaradır. Daha kapitallaşmış və dayanıqlı bankların formalaşması maliyyə sabitliyini gücləndirir, risklərin idarə edilməsini və nəzarət mexanizmlərini asanlaşdırır. Eyni zamanda, iri bankların texnologiyaya və innovasiyalara daha çox investisiya etmək imkanları genişlənir”.

İqtisadçı hesab edir ki, qarşıdakı dövrdə kiçik banklar qarşısında üç əsas seçim olacaq: müstəqil fəaliyyətlərini davam etdirmək üçün ixtisaslaşmış biznes modeli qurmaq, başqa bankla birləşmək və ya daha böyük maliyyə institutu tərəfindən satın alınmaq.

O, digər tərəfdən, bank sektorunda konsolidasiyanın həddindən artıq bazar konsentrasiyasına səbəb olmamalı olduğunu vurğulayıb:

“Çünki kiçik və orta bankların zəifləməsi nəticəsində iri banklar arasında rəqabət də azala bilər. Uzunmüddətli perspektivdə bu, kredit şərtlərinə, xidmət keyfiyyətinə və müştərilərin seçim imkanlarına mənfi təsir göstərə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: