1029782 src

ABŞ-da ölüm hökmünün icrası uğursuzluqla nəticələnən məhkum Krista Payk ilk dəfə başına gələnlər barədə ictimaiyyətə danışıb. Sentyabr ayında ona iki dəfə ölümcül inyeksiya vurulsa da, qadın sağ qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Krista Payk vəkilləri vasitəsilə sosial şəbəkələrdə yayılan açıqlamasında yaşadığı fiziki və mənəvi ağrılardan danışıb.

“Həmin gecədən bəri ağrı hiss etmədiyim bir dəqiqə belə olmayıb. Bədənim, qollarım, əllərim və boğazım ağrıyır. Hələ də danışmaqda çətinlik çəkirəm. Bu, təkcə fiziki ağrı deyil. Ruhumda və zehnimdə də ağrı hiss edirəm”, – deyə o bildirib.

Qadının vəkilləri daha əvvəl edam cəhdindən sonra onda pnevmoniya yarandığını, əllərində ciddi şişkinlik müşahidə edildiyini və udqunmaqda çətinlik çəkdiyini açıqlamışdılar.

50 yaşlı Krista Payk 1995-ci ildə törətdiyi qətlə görə çıxarılan ölüm hökmünün icrasını 30 il gözləyib. Uğursuz edam cəhdindən sonra xəstəxanaya yerləşdirilən məhkum oktyabrın əvvəlində yenidən həbsxanaya qaytarılıb.

BBC qeyd edir ki, ötən ay baş verən uğursuz edam hadisəsi həm dünyada, həm də məhkumun özündə şok yaradıb.

Tennessi ştatının qubernatoru Bill Li hadisədən sonra ilin sonunadək bütün edamları dayandırıb və baş verənləri dəqiq müəyyənləşdirmək üçün müstəqil araşdırma aparılması barədə göstəriş verib.

Bu həftə jurnalistlər qubernatordan Krista Paykın yenidən edam edilməsinin mümkünlüyünü soruşublar. Bill Li isə belə cavab verib:

“Düşünürəm ki, məhkəmə başqa qərar verməsə, onun barəsində hökm əvvəlki kimi qüvvədə qalacaq”.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: