Monrealda keçirilən Kanada–Avropa İttifaqı (Aİ) sammiti Qərb daxilində dəyişən siyasi münasibətləri və ABŞ-ın ənənəvi müttəfiqlərinin yeni strateji tərəfdaşlıq axtarışlarını gündəmə gətirib. Vaşinqtonla münasibətlərdə yaranan fikir ayrılıqları Kanada və Avropanı müdafiə, iqtisadiyyat və enerji sahələrində daha sıx əməkdaşlığa sövq edir.
Bu yaxınlaşma təkcə ikitərəfli əlaqələrin genişlənməsi deyil, həm də ABŞ-ın Qərbdəki liderliyinin gələcəyi və transatlantik münasibətlərdə yeni güc balansının formalaşması baxımından əhəmiyyət daşıyır.
Kanadanın Avropa İttifaqı ilə daha dərin strateji tərəfdaşlığa yönəlməsi ABŞ-ın ənənəvi müttəfiqləri üzərində təsir imkanlarının zəifləməsinin göstəricisi sayıla bilərmi? Kanada və Avropanın müdafiə, iqtisadiyyat və texnologiya sahələrində inteqrasiyanı gücləndirməsi Qərb daxilində ABŞ-dan daha müstəqil qərarlar qəbul edən yeni güc mərkəzinin yaranmasına gətirib çıxara bilərmi? ABŞ-ın müttəfiqlərinin alternativ strateji tərəfdaşlıqlar qurması Vaşinqtonun qlobal liderliyinə və transatlantik münasibətlərin gələcəyinə necə təsir göstərər?
Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, Kanada ilə Avropa İttifaqının yaxınlaşması, şübhəsiz, ABŞ-da Prezident Donald Tramp administrasiyasının yürütdüyü siyasətin və qlobal baxışının birbaşa nəticəsidir:
“Məlum olduğu kimi, Donald Tramp hakimiyyətə gəldikdən sonra təkcə transatlantik ittifaq daxilində deyil, eyni zamanda, anqlosakson dünyası çərçivəsində də müəyyən çatlar yaranmağa başladı. Hətta uzun onilliklər ərzində çox yaxın müttəfiqlik münasibətlərində olan qardaş dövlətlər — Kanada və ABŞ arasında da ziddiyyətlərin meydana çıxdığının şahidi olduq.
Tramp, məlum olduğu kimi, Kanadaya qarşı ticarət rüsumları tətbiq edib. Bundan başqa, bu ölkənin ABŞ-ın 51-ci ştatı olması ilə bağlı ardıcıl mövqeyini ortaya qoymaqla ikitərəfli münasibətlərin xarakterinə kifayət qədər mənfi təsir göstərib. Buna görə də Kanada ilə Avropa İttifaqının yaxınlaşması zərurətə çevrilib. Bu, hər iki tərəfin bir-birinə olan ehtiyacından irəli gəlir.
Avropa artıq öz müdafiəsi və iqtisadi tərəfdaşlığı baxımından ABŞ-a etimadını itirib. Bununla yanaşı, Kanada timsalında yeni və güclü müttəfiq tapıb. Təbii ki, Kanada ilə Avropa arasında münasibətlər həmişə isti olub. Lakin indiki mərhələdə tərəflər bu münasibətləri daha da inkişaf etdirərək inteqrasiya səviyyəsinə çatdırmağa çalışırlar. Monreal sammitində də bu əməkdaşlığı gələcək yönümlü ittifaq kimi xarakterizə edirlər.
İlk növbədə, iqtisadi sahədə, daha sonra isə hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində hər iki tərəfin mövqeyi mövcuddur. Xüsusilə Avropanın enerji ehtiyacının artdığı və Rusiyaya alternativ mənbələr axtardığı bir vaxtda Kanada bu sahədə mühüm tərəfdaşlardan birinə çevrilə bilər. Məlum olduğu kimi, Kanada enerji ölkəsidir. Bu ölkə mayeləşdirilmiş təbii qaz istehsalını tədricən artırmaq niyyətindədir”.

Şahin Cəfərli
Politoloq bildirib ki, Kanadanın da Avropanın enerji bazarında mövqeyini gücləndirmək üçün imkanları var:
“Eyni zamanda, Kanada Avropanın təhlükəsizliyində yaranan boşluqların müəyyən hissəsini doldurmağa çalışır və bu istiqamətdə siyasi iradə nümayiş etdirir. Hətta Avropanın müdafiəsi ilə bağlı proqramda iştirak edir. Kanadanın həmin proqrama 150 milyard avroluq töhfə verəcəyi barədə qərar qəbul edildiyi bildirilir. Bundan başqa, Kanada Avropa ilə birlikdə Ukraynanın əsas dəstəkçilərindən biridir.
Bütün bu amillər — iqtisadi əlaqələr və enerji faktoru — Kanada ilə Avropanı daha da yaxınlaşdırır.
Kanada və Avropa İttifaqı, eyni zamanda, liberal beynəlxalq nizamı müdafiə etmək niyyətindədirlər. ABŞ-ın bu ittifaqdan uzaqlaşması ilə dünyada liberal düzən üçün ciddi təhlükənin yarandığı bir mərhələdə tərəflər həm də ideoloji birlik formalaşdırırlar.
Şübhəsiz ki, tərəflər ABŞ-dan asılılıqlarını azaltmaq niyyətindədirlər. Bu isə ABŞ-ın Qərb daxilindəki liderliyinə təhlükə yaradır. Mövcud administrasiyanın siyasəti ölkənin Avropadakı liderliyini zəiflədən siyasətdir. Bu, əslində, məqsədyönlü yanaşmadır və ilk növbədə ideoloji antaqonizmdən qaynaqlanır.
Bugünkü Tramp administrasiyası liberal baxışı qəbul etmir, Avropa hökumətlərinə təzyiqləri artırır, hətta radikal sağ və neofaşist qüvvələrə açıq dəstək verir. Tramp administrasiyası ənənəvi Qərb elitasını siyasi səhnədən uzaqlaşdırmağa yönəlmiş siyasət yürüdür. Bu da Avropanı öz müqavimət mexanizmlərini formalaşdırmağa məcbur edir. Bu məsələdə Kanada mühüm müttəfiq qismində çıxış edir.
Burada Böyük Britaniyanı da unutmaq olmaz. Kanada Britaniya monarxiyasına bağlı ölkələrdən biridir və bu ölkədə general-qubernator fəaliyyət göstərir. Birbaşa müdaxilə olmasa da, mənəvi, psixoloji və siyasi baxımdan müəyyən təsir davam edir. Bu baxımdan, Kanada ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın dərinləşməsində Böyük Britaniyanın da iradəsi var.
Hətta bu gün rəsmi Londonun Avropa İttifaqına qayıtması məsələsi müzakirə edilir. Ümumilikdə, anqlosakson dünyası Avropa ilə ABŞ-sız bir xəttə daxil olur”.
Turan Rzayev
Globalinfo.az