Vəzifəli şəxslərin xidməti avtomobillərdən və digər dövlət əmlakından şəxsi məqsədlər üçün istifadəsinə məhdudiyyətlər qoyulması təklif edilir. Bu müddəa Milli Məclisin “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə istifadə edə bilməzlər.
Globalinfo.az-a danışan professor, hüquqşünas Fərhad Mehdiyevin fikrincə, bu, doğru yanaşmadır:
“Xidməti avtomobillər yalnız xidməti məqsədlər üçün istifadə oluna bilər. Bunun istisnası kimi vəzifəli şəxsin evindən iş yerinə getməsi və iş yerindən evinə qayıtması nəzərdə tutula bilər. Bu avtomobillər digər məqsədlər üçün istifadə edilməməlidir. Yəni əsas prinsip ondan ibarətdir ki, xidməti nəqliyyat vasitələri sırf xidməti məqsədlərə xidmət etməlidir.
Xidməti avtomobillərin saxlanılması, təmiri və yanacaqla təmin edilməsi də dövlət vəsaiti hesabına həyata keçirilir. Buna görə də həmin avtomobillərdən şəxsi məqsədlər üçün istifadə edilməməlidir”.
Hüquqşünas Əkrəm Həsənov isə qanunvericilik təşəbbüslərinin icrası ilə bağlı problemlərə diqqət çəkib:
“Ümumiyyətlə, bundan da vacib bir qanunumuz var. 2005-ci ildə, yəni 21 il əvvəl məmurların və onların ailə üzvlərinin gəlirlərinin bəyan edilməsi haqqında qanun qəbul olunub. Ancaq indiyədək icra edilmir. Nazirlər Kabineti gəlir bəyannaməsinin formasını təsdiqləməyib. Halbuki bəyannamənin məzmunu qanunda nəzərdə tutulub. Forma təsdiqlənmədiyinə görə də qanun tətbiq olunmur”.
Hüquqşünasın fikrincə, məmurların gəlirləri bəyan edilmədiyi halda, onların dövlət əmlakından necə istifadə etdiyini müəyyənləşdirmək də çətin olacaq:
“Bu səbəbdən yeni qanunun real icrasına şübhə ilə yanaşıram. Əgər məmurların gəlirləri bəyan edilmirsə, dövlət əmlakından necə istifadə etdiklərini kim və hansı mexanizmlə müəyyən edəcək? Buna görə də yeni qanunun real şəkildə icra olunacağına inanmıram”.
Zaira Akifqızı
Globalinfo.az