Rusiya kosmos sahəsində, o cümlədən “SpaceX” şirkətinin rəhbəri İlon Maskla bağlı məsələlərdə ABŞ-la sıx təmasdadır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin Rusiyanın “Starlink” sisteminə alternativ olaraq “Rassvet” adlı peyk internet şəbəkəsi yaratmağa başlamasından qürur duyduğunu boldirib.
“Biz layihənin üzərində işləməyə başladığımız və bunu müstəqil şəkildə həyata keçirdiyimiz üçün fəxrliyik. Amerikalı tərəfdaşlarımızla, o cümlədən cənab Maskla sıx təmasdayıq. Çünki orbitdə bir-birimizə mane olmamaq, müəyyən intizam və qaydalara riayət etmək vacibdir”, – Putin vurğulayıb.
Rusiya prezidenti İlon Maskı “dahi insan” adlandıraraq onun şirkətinin orbitə 5 mindən çox peyk çıxardığını diqqətə çatdırıb.
Qeyd edək ki, mart ayında “Bloomberg” nəşri “Rassvet” layihəsini “SpaceX” şirkətinin “Starlink” peyk internet sisteminin rəqibi kimi təqdim edib. Layihə “Starlink”ə bənzər qlobal peyk internet şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
“Büro 1440” şirkətinin rabitə peykləri qrupuna daxil olan ilk 16 peyk martın 24-də orbitə çıxarılıb. Şirkət gələcəkdə qlobal internet əhatəsini təmin etmək üçün onlarla peyk buraxılışı həyata keçirməyi planlaşdırır.
Layihənin kommersiya fəaliyyətinə 2027-ci ildə başlaması nəzərdə tutulur. Peyklər Yer səthindən 800 kilometr yüksəklikdə, aşağı Yer orbitində fəaliyyət göstərəcək.
Əliyar Xəlil