pasinyan baki kollaj 1 scaled

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma tarixi ilə bağlı müzakirələr davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın sazişin imzalanması üçün müxtəlif tarixlər səsləndirməsi diqqət çəkib. Rəsmi Bakı isə sülh prosesində mövqeyinin dəyişməz olduğunu bəyan edir. Xarici işlər naziri Ceyhun Bayramovun son açıqlaması da bu baxımdan diqqət çəkib. O, Azərbaycanın sazişin imzalanması üçün son nöqtəni qoymağa hazır olduğunu və bu mövqeyə sadiq qaldığını bildirib.

Sitat: “Azərbaycanın bu məsələdə fikri qətidir, açıqdır. Son bir il ərzində Azərbaycan tərəfindən bir çox birtərəfli addım atılıb, bunu Ermənistan tərəfinin, ümumən hamının görmək imkanı var. Ermənistan daxilində müəyyən proseslər gedir, Konstitusiyanın dəyişdirilməsi ümumən Ermənistan hakimiyyətinin də marağındadır, bu, müəyyən səbəblərə görədir. Bir daha deyim ki, Azərbaycan tərəfi sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır və sadiqdir”.

XİN rəhbərinin çıxışdan sonra Ermənistan sülh prosesini tezləşdirə bilərmi? Bu müstəvidə gözləntilər nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb:

“Bundan sonra sülh istiqamətində addımların intensivləşdiyini görürük. Hazırda bu prosesə mane olan əsas məsələ Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarıdır. Azərbaycan açıq şəkildə bəyan edib ki, sözügedən sənəddən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır. Bu dəyişikliklər edildikdən sonra rəsmi Bakı sülh sazişini imzalamağa hazırdır. İrəvan isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verir”.

oqtay qasimov 11 900x598 2

Oqtay Qasımov

Politoloq bildirib ki, sülh sazişinin imzalanmasına mane olan əsas məsələ Konstitusiyaya dəyişikliklərin edilməsidir:

“Bunun üçün referendum keçirilməlidir və bunun təşkili ilə bağlı Nikol Paşinyanın parlamentdə 71 deputatın dəstəyinə ehtiyacı var. Hazırda isə onun 64 deputatı var. Paşinyan bir neçə gün əvvəl bildirib ki, zərurət yaranarsa, referendumla bağlı növbədənkənar parlament seçkiləri də keçirə bilər. Görünür, o, bu yolla parlamentdəki mandatlarının sayını 70-dən yuxarı qaldırmağı hədəfləyir. Lakin növbədənkənar parlament seçkilərinin keçirilməsi prosesin uzanmasına səbəb ola bilər. Çünki Ermənistan Konstitusiyasına əsasən, referendum ümumi seçkilərdən altı ay sonra keçirilməlidir. Bu isə əlavə vaxt itkisi deməkdir. Bu baxımdan Ermənistan hakimiyyəti müxalifətdən olan bəzi şəxslərlə dialoq quraraq daha altı deputatın dəstəyini əldə edə və prosesi bu yolla həll edə bilər. Digər tərəfdən, Ermənistan vətəndaşlarının 300 min imzası ilə də Konstitusiyaya dəyişiklik təşəbbüsünün irəli sürülməsi mümkündür. Ümumən, Azərbaycan tərəfinin verdiyi açıqlamalar Ermənistanda müəyyən qədər nəzərə alınır. Ceyhun Bayramovun son açıqlamaları da əslində Ermənistana ünvanlanan mesaj xarakteri daşıyır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: