“Miqrasiya haqqında qanunla tənzimlənən qaydalar xarici vətəndaşlar üçün ölkəmizdə hüququn və onun intizamının nə dərəcədə dəqiq olmasının göstəricilərindən biri hesab olunur. Ona görə də son illərdə ölkəmizdə miqrasiya siyasəti daimi hesabat xarakteri daşıyan siyasətə çevrilib. Miqrasiya Xidmətinin rəhbəri bütün vətəndaşlarımız üçün açıq olan formada qəbullar keçirir və hesabatlar yayımlayır. Bu, olduqca müsbət tendensiyadır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu deyib.
“Xarici miqrasiya ilə yanaşı, ölkəmizdə sırf demoqrafik kontekstdə, digər bütün tərəfləri ilə bərabər, daxili miqrasiya da var. Yəni statistik baxımdan, bu gün – 2026-cı ildə artıq 80 mindən çox Azərbaycan vətəndaşı köç edərək, miqrasiya kontekstində öz tarixi torpaqlarına, yurdlarına, yuvalarına qovuşub. Bu, həm də Azərbaycan xalqının tarixi, milli və mədəni yaddaşının Qarabağa qayıtması deməkdir. Eyni zamanda, Qarabağda yeni milli yaddaş və yeni mədəniyyət yaratmaq üçün imkanlar deməkdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda mədəniyyətlərarası dialoqun növbəti görüşü keçirilir. Azərbaycan Prezidenti möhtəşəm çıxış edib və bir daha mədəniyyətin əhəmiyyətini vurğulayıb. Son illərdə Azərbaycanda teatr mədəniyyəti özünə qayıdır, kino mədəniyyəti özünə qayıdır. Biz 44 günlük müharibədən bəhs edən “44 Dəmir Yumruq” filmində bir daha bunun şahidi olduq”, – deyə o qeyd edib.
Deputat bildirib ki, mədəniyyət sadəcə mədəniyyət hadisəsi deyil, həm də ədəbiyyat hadisəsidir:
“Çünki hər hansı bir xalqın mentalitetini bilmək, onun davranışlarını müəyyən etmək üçün ilk növbədə ədəbiyyatına baxmaq lazımdır. Məsələn, fransız xalqının mentalitetini bilmək üçün mütləq Hüqonu oxumaq lazımdır, qırğız xalqının kimliyini tanımaq üçün mütləq Aytmatovu bilmək lazımdır, rus xalqının necə davrandığını və nə üçün belə davrandığını anlamaq üçün isə mütləq Dostoyevskini oxumaq lazımdır. Bu gün Rusiyanın hərbi-siyasi maşını elə “Cinayət və cəza” romanındakı Raskolnikovdur. Cinayət törədir, sonra bu cinayətə şahid olanları yenidən öldürür. Beləliklə, biz həm də rus xalqını tanımış oluruq, onun nə üçün belə davrandığını anlayırıq. Azərbaycan xalqının da mentalitetini bizə güzgü kimi göstərən bir çox yazıçı var. Onlardan biri də İlyas Əfəndiyevdir. Bu günlərdə İlyas Əfəndiyevin anım günüdür və biz mədəniyyətimizin yenidən təntənə etdiyi bir mərhələdə onun “Natəvan” pyesinə tamaşa etdik. Mənə elə gəlir ki, 1981-ci ildə yazılmış bu pyesin əsas mənəvi xəttinə bir daha nəzər salmaqla, bugünkü təfəkkür və reallıq kontekstində Xurşidbanu Natəvanın həyatını yenidən izləməklə Qarabağa qayıdışımızın nə qədər mühüm hadisə olduğunu bir daha dərk edə bilərik”.
Safura Bənnayeva
Globalinfo.az