“Qızıl top” mükafatının ingilis hücumçu Harri Keynə verilməsi futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Belə ki, Çempionlar Liqasının qalibi PSJ, dünya çempionu İspaniya olduğu halda, mükafatın Almaniyanın “Bayern” klubunun hücumçusuna təqdim edilməsi seçim meyarlarını müzakirə mövzusuna çevirib.
Bəs doğrudanmı bu, ədalətsiz qərardır?
Globalinfo.az-a danışan idman eksperti Kənan Məstəliyev deyib ki, Herri Keynə “Qızıl top”un verilməsi ədalətsiz qərar deyil:
“O, bu mükafata layiq idi. Qızıl topu qazanmaq üçün sadəcə hansısa titul əldə etmək kifayət deyil. Əvvəlki illərdə də titul qazanmayan futbolçuların bu mükafata layiq görüldüyünü görmüşük. Məsələn, Lionel Messinin elə mövsümü olub ki, heç bir böyük titul qazanmasa da, “Qızıl top”a sahib olub. Düşünürəm ki, futbolçunun böyüklüyü yalnız qazandığı titullarla ölçülməməlidir. Keyn “Bavariya” ilə Almaniya çempionu olub, Çempionlar Liqasında çıxış edib. Eyni zamanda, İngiltərə millisi ilə dünya çempionatında üçüncü yeri tutub. Yəni onun nəticələri heç də zəif deyil. Mütləq şəkildə Çempionlar Liqasını qazanmaq və ya dünya çempionu olmaq hər şeyi müəyyənləşdirmir”.
Ekspert qeyd edib ki, Keyn bu mövsüm bütün turnirlərdə 73 qol vurub:
“Bu, fantastik nəticədir. Ondan daha çox qol vurmağı indiyədək yalnız Lionel Messi bacarıb. Keyn inanılmaz məhsuldarlıq nümayiş etdirib. Üstəlik, o, hücumçu mövqeyinə yeni baxış gətirib. Futbolu izləyənlər bilirlər ki, Keyn mövqeyinə görə hücumçu olsa da, meydanda bundan daha geniş funksiyaları yerinə yetirir. Müdafiəyə qədər gəlib komandasının hücumlarının qurulmasında iştirak edir, müxtəlif mövqelərdə oynayır və komanda yoldaşlarının qol vurmasına şərait yaradır. Bu, müasir futbolda yeni reallıqdır”.
Kənan Məstəliyev
K.Məstəliyevin fikrincə, hazırda dünya futbolunda universallığı baxımından Keynə bənzəyən hücumçu yoxdur:
“O, təkcə qol vurmaqla deyil, həm də komandasının qol vurmasına və qələbə qazanmasına verdiyi töhfə ilə fərqlənir. Herri Keyn bu mükafata tamamilə layiqdir və düşünürəm ki, nəticə ədalətlidir. Təbii ki, “Qızıl top” Kilian Mbappeyə və ya Lamine Yamala verilsəydi də, bunu ədalətli hesab etmək olardı. Ancaq şəxsən mənim seçimim soruşulsaydı, Herri Keynə səs verərdim. Çünki o, son bir ildə dünya futbolunda özünü təsdiqləyən, böyük futbolçu olduğunu sübut edən oyunçulardan biridir. Düşünürəm ki, Keyn “Qızıl top”u artıqlaması ilə haqq edir”.
Zaira Akifqızı
Globalinfo.az