Bu gün hicabdan danışırıq. Daha doğrusu hicab, din adı altında baş verənlərdən.
Azərbaycanda vahid məktəbli formasının tətbiqi qəribə vəziyyət yaradıb. Bəzi qonşu ölkələrdən adekvat olmayan etiraz eşidirik, görürük. Əcaib vəziyyətdir. Azərbaycanın müstəqil qərar vermək haqqı yoxdur?!
Bir məktəbli geyimi qərarı verilir, birdən-birə Azərbaycana demokratiya dərsi keçənlər, dinin keşiyində dayananlar, ölkəmizə hökm oxuyanlar peyda olur. Hər kəsin Azərbaycana bir sözü var! Bəs niyə heç kim özündən soruşmur: burada həqiqətən nə baş verir?
Gəlin, məsələni aydınlaşdıraq.
Azərbaycan dünyəvi dövlətdir. Məktəb isə uşağın din uğrunda mübarizə aparmağa yox, oxumağa, öyrənməyə, gələcəyini qurmağa getdiyi yerdir. Məktəbli geyimi ilə bağlı qərarı ölkə boyu hicab qadağası kimi təqdim etmək nə deməkdir? Məgər bir qaydanı müzakirə etmək üçün bütün ölkəni dini azadlığa düşmən kimi göstərmək ədalətlidir?
Bəs bu həssas mövzuya görə Azərbaycana barmaq silkələyənlər nə edir?
Türkiyədə Prezident Ərdoğanın müşaviri Oktay Saral qərarı qəbuledilməz adlandırır, hakim partiyanın bəzi nümayəndələri Azərbaycana qarşı sərt çıxışlar edirlər. Türkiyədəki səfirliyimizin, konsulluğumuzun qarşısında etiraz aksiyaları keçirilir. O aksiyalarda “Azərbaycanda xilafət quracağıq” hədələri səsləndirilir.
Hətta Ermənistanı Azərbaycana nümunə göstərərək orada məktəblərdə hicabın sərbəst olduğunu iddia edirlər. “Yenidən Rifah” Partiyasının sədri Fatih Ərbakan da bu fikri səsləndirib. Vaxtilə yüz minlərlə müsəlmanın – azərbaycanlının zorla öz ata-baba torpaqlarından qovulduğu Ermənistanı deyir Ərbəkan. Məscidlərimizdə donuz saxlayan, islam irsinə ciddi zərər verən bir ölkəni, xalqı dini azadlıq nümunəsi göstərmək hansı məntiqə, vicdana uyğundur? Belə məsələlərdə siyasi şüarlar yox, faktlar danışmalıdır.
Buyurun, sualımız sadədir:
Azərbaycanın öz məktəb qaydalarını müəyyənləşdirmək üçün kimdənsə icazə alması lazımdır?
İrana gələndə isə başqa bir məqam ortaya çıxır. Media və Yayım Şurası “Sahar Azeri” telekanalının Türkiyədə çəkilmiş görüntüləri Azərbaycandakı hadisələr kimi təqdim etməsinə münasibət bildirib. Təsəvvür edin: görüntü bir yerdə çəkilir, başqa ölkənin hadisəsi kimi təqdim olunur, sonra da bundan Azərbaycan əleyhinə təbliğat üçün istifadə edilir. Bu, həqiqəti axtarmaqdır, yoxsa həqiqəti saxtalaşdırmaq?
Amma ən ağrılı məqam nədir, bilirsiniz? Uşaqların bu mübahisələrin ortasına atılması!
Valideyn narahat ola bilər, etiraz edə bilər, sual verə bilər. Amma məktəblərə hücum etmək, direktorun avtomobilini yandırmaq nədir? Hansı inanc zorakılığa haqq qazandırır? Hansı dini dəyər başqasının əmlakına zərər verməyi tələb edir?
Bir də düşünün: Mirzə Fətəli Axundovdan, Sabirdən, Cəlil Məmmədquluzadədən dərs keçən uşaqların ölkəsində biz yenidən cəhalət və xurafatla mübarizənin əhəmiyyətini izah etməli oluruq. Maarifçilərimiz insanları düşünməyə çağırırdı. İndi isə uşaqların düşünmək, öyrənmək və böyüdükcə öz dünyagörüşlərini formalaşdırmaq haqqını qorumaqdan danışırıq.
Kəlağayı ilə küçələrə çıxan Azərbaycan qadınlarına baxın. Milli baş örtüyümüzü nümayiş etdirir, mədəniyyətimizi, tariximizi yaşadırlar. Bizim milli kimliyimiz var, öz ənənələrimiz var! Onları qorumaq üçün nə kiminsə inancına hücum edir, nə də başqasının təzyiqi ilə qərar veririk.
Tənqidə açığıq, suallara da cavab verməliyik. Amma ölkəmizi qaralamağa, saxta görüntülərlə insanları aldatmağa, dini hisslərdən istifadə edərək cəmiyyəti parçalamağa da susa bilmərik.
Maraqlıdır, bu qədər hay-küyün mərkəzində həqiqətən uşaqların təhsili dayanır, yoxsa uşaqların gələcəyi kimlərinsə siyasi maraqlarına qurban edilir?
Safura Bənnayeva
Globalinfo.az
