İran və Türkiyənin radikal dini çevrələrinin Azərbaycanda yaratmaq istədikləri dini dövlətlər: biri “Kərimə dövləti” quracağını bəyan edir, digəri isə “Raşidi xilafəti”.
İki qonşu ölkədən Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsi ilə bağlı çağırışlar və hədələr səsləndirilir.
Bu, təhlükəli vəziyyət hesab oluna bilərmi? Azərbaycanı hədəfə alıb burada özlərinin sosial dayaqlarını yarada bilərlərmi? Niyə məhz dini dövlət tezisi ortaya atılıb?
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, hər iki qüvvənin – istər İrandan gələn “Kərimə dövləti” hədəsi, istərsə də Türkiyədən səsləndirilən “Raşidi xilafəti” qurmaq təhdidi çağırışları və hədəfləri təhlükəlidir:
“Çünki hədəf Azərbaycanın konstitusiya quruluşunu, dünyəvi dövlət modelini dəyişdirməkdir. Bu çağırışların qonşu ölkələrdən, xüsusilə qardaş və strateji müttəfiqimiz olan Türkiyədən səsləndirilməsi təhlükənin miqyasını daha da artırır. Azərbaycan cəmiyyətində Türkiyəyə münasibət tarix boyu qardaşlıq müstəvisində olub. Buna rəğmən dövlət quruluşumuzun dəyişdiriləcəyi barədə təhdidlər xoş deyil.
Hər iki qüvvənin Azərbaycanda sosial dayaqlarını yaratmaq imkanları görünür. İranın timsalında bu təcrübə ilə qarşılaşmışıq, Türkiyədən də bu istiqamətdə istəklər var. Burada fərq ondadır ki, İran bunu dini kimlik üzərindən edir, Türkiyədən gələn müdaxilələrdə isə milli kimlikdən və qardaşlıq anlayışından da istifadə olunur. Bu isə daha təhlükəlidir.
Asif Nərimanlı
Hər iki istiqamətdən gələn çağırışlarda dini dövlət modelinin qurulması onların ideoloji yanaşmaları ilə bağlıdır.
İranda teokratik rejim 1979-cu ildən sonra Yaxın Şərqdə yaratdığı “müqavimət oxu” vasitəsilə “İslam İnqilabı” adlandırdıqları ideologiyanı yayaraq dini rejimlər yaratmağa çalışıb və bir çox hallarda buna nail olub. İran rejimi Azərbaycana da hər zaman “müqavimət oxu”nun bir hissəsi kimi baxıb. Hazırda bu qüvvələr böyük ölçüdə zəifləsə də, tamamilə sıradan çıxmayıblar. Azərbaycanla bağlı planlar da qüvvədədir.
Türkiyəyə gəlincə, bu ölkədə ixvançılığa əsaslanan siyasi islamın güclənməsi regional siyasətə də təsir edir. Bir çox hallarda dini camaatlar və təriqətlər hakim dairələrdəki təsirlərindən istifadə etməklə xarici siyasətin istiqamətlərini yönləndirə bilirlər.
Hazırda Türkiyə və İranın bir sıra məsələlərdə mövqelərinin uzlaşdığını görsək də, bu ölkələrin Azərbaycanın ideoloji məkanında təsir imkanlarını genişləndirmək uğrunda mübarizə apardıqları reallığı da var. Lakin Azərbaycan cəmiyyətinin möhkəm təməli olan dünyəvilik prinsipləri bu təhlükələrin qarşısını böyük ölçüdə alır”.
Turan Rzayev
Globalinfo.az