Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
O bildirib ki, federasiya idmançının qərarına hörmətlə yanaşır və ona lazımi dəstəyi göstərməyə hazırdır:
“Hidayət Heydərov seçim barədə bir həftə ərzində qərar verməlidir. Federasiya heç bir idmançısını konkret çəki dərəcəsində çıxış etməyə məcbur etmir, lakin bütün cüdoçular üçün eyni tələblər qüvvədədir”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında fərdi yarışları bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.