putinqucaq

Rusiyanın yeni xarici siyasət konsepsiyası Kremlin antiqərb koalisiyası yaratmaq cəhdlərinə dəstək üçün yönəldilib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ Müharibə Tədqiqatları İnstitutu çıxış edib. İddiaya görə, yeni konsepsiyada Qərb 2016-cı ildəki sənədlə müqayisədə daha böyük antirusiya xarakterli qüvvə kimi təqdim olunub:

“Yeni sənəd böyük ehtimalla Kremlin antiqərb blokuna qoşulmaq istəməyən ölkələrə edəcəyi təklifləri dəstəkləmək üçün nəzərdə tutulub. Lakin Rusiyanın iqtisadi gücünün azalması və onun Ukraynadakı hərbi potensialının zəifləməsi, Moskvanın irəli sürəcəyi təklifə ciddi maraq göstərilməsi stimullarını azaldır”.

İnstitut həmçinin Putinin antiqərb koalisiyasının yaradılmasını Çin lideri Si Szinpinə Moskvaya səfəri zamanı təklif etdiyini, amma ondan müsbət cavab almadığını bildirib. Belə ki, Çin lideri Rusiya ilə Qərb arasındakı geosiyasi konfliktə Pekini cəlb etməkdə maraqlı olmayıb.

Qeyd edək ki, Rusiyanın yeni xarici siyasət konsepsiyası dünən açıqlanıb. Yeni konsepsiyada Rusiyanın ABŞ-nin dominantlığı ilə mübarizə aparacağı, eləcə də Çin, Hindistan və digər qlobal güc mərkəzləri ilə dostluq əlaqələrini inkişaf etdirəcəyi bildirilib. Sənəddə həmçinin Rusiya üçün əsas prioritetlərdən birinin rusofobiyaya qarşı yaxın xaricdə mübarizə aparmaq olduğu bildirilib. Moskva yeni dönəmdə MDB-dəki müttəfiqlərinə beynəlxalq tanınmasından asılı olmayaraq, istənilən dəstəyi göstərəcəyini açıqlayıb. Bu isə Moskvanın bölgədəki qondarma rejimlərə açıq yardımlar verəcəyi mənasına gəlib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: