Pezeskian mesud 11111 900x510 1

İranda iqtisadi çətinliklərin fonunda əhaliyə ərzaq kuponlarının verilməsi gündəmə gəlib. Prezident Məsud Pezeşkian sosial vəziyyətin yaxşılaşdırılması üçün büdcədən vəsait ayrıldığını və bu vəsaitin yaxın zamanda ərzaq kuponları formasında əhaliyə təqdim ediləcəyini açıqlayıb.

Bəs İran iqtisadiyyatının hazırkı vəziyyəti bu vədin reallaşdırılmasına imkan verirmi? Pezeşkian hökuməti həm artan sosial tələbləri qarşılaya, həm də məhdud maliyyə imkanları şəraitində ərzaq dəstəyini davamlı mexanizmə çevirə biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Pezeşkianın əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə büdcə vəsaitlərinin ərzaq kuponları formasında əhaliyə təqdim ediləcəyini bildirməsi, ilk növbədə, ölkədə getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyətin hökuməti daha çevik sosial siyasətə vadar etdiyini göstərir:

İran iqtisadiyyatında inflyasiyanın yüksək səviyyəsi, milli valyutanın dəyər itirməsi, sanksiyalar və xarici ticarət imkanlarının məhdudlaşması əhalinin alıcılıq qabiliyyətini ciddi şəkildə zəiflədib. Son aylarda ərzaq qiymətlərində kəskin artımların qeydə alınması isə problemin miqyasını daha da böyüdüb.

Bu baxımdan ərzaq kuponlarının tətbiqi prinsipcə məntiqli addımdır. Belə ki, bu mexanizm ən həssas sosial qrupların gündəlik ərzaq təminatını qorumaq, yoxsulluğun daha da dərinləşməsinin qarşısını müəyyən müddətə almaq və cəmiyyətdə sosial narazılığın artmasını zəiflətmək baxımından əhəmiyyətli ola bilər.

Lakin zənnimcə, əsas məsələ Pezeşkianın bu vədi yerinə yetirib-yetirə bilməsi ilə bağlı deyil. Daha vacibi bu vədin nə dərəcədə davamlı ola bilməsidir. Çünki ərzaq kuponu inflyasiyanı aradan qaldırmır, rialın məzənnəsini sabitləşdirmir, istehsalı artırmır və ölkəyə yeni valyuta axını yaratmır. Dövlət əhaliyə müəyyən məbləğdə ərzaq dəstəyi versə belə, qiymətlər sürətlə yüksəlməkdə davam edərsə, kuponun real dəyəri də qısa müddətdə aşağı düşəcək. Bu səbəbdən kuponlar daha çox sosial müdafiə vasitəsidir, amma heç bir halda iqtisadi böhranın aradan qaldırılması imkanı deyil.

İranın hazırkı vəziyyətində problem də elə məhz buradadır. Ölkə eyni vaxtda həm yüksək inflyasiya, həm valyuta təzyiqi, həm sanksiyalar, həm də müharibə və xarici ticarət məhdudiyyətlərinin yaratdığı əlavə xərclərlə üzləşir. Son statistik məlumatlara görə ərzaq qiymətləri illik 100 faizdən də yüksək sürətlə artır və iqtisadi təzyiq əhalinin sosial vəziyyətinə ciddi şəkildə təsir göstərir”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə

Politoloq bildirib ki, bu şəraitdə Pezeşkianın sosial siyasətinin uğuru təkcə kuponların verilib-verilməməsi ilə ölçülə bilməz:

“Əsas məsələ hökumətin paralel şəkildə inflyasiyanı cilovlamaq, milli valyutanın sabitliyini təmin etmək, istehsal və məşğulluğu artırmaq və ən əsası, İranın xarici iqtisadi əlaqələrini genişləndirmək imkanında olacaq. İran bunu bacaracaqmı? Düşünmürəm. Odur ki, kupon siyasəti əhalinin narazılığını yalnız müvəqqəti olaraq yumşalda bilər.

Siyasi baxımdan isə məsələ Pezeşkian üçün daha həssasdır. O, prezident kimi sosial və iqtisadi problemlərin həlli istiqamətində verdiyi vədləri müəyyən dərəcədə reallaşdırmaq məcburiyyətindədir. Əks halda, iqtisadi böhran təkcə sosial problem olaraq qalmayacaq, hakimiyyətə ictimai etimadı da daha ciddi sınağa çəkəcək. Son illərdə İranda iqtisadi problemlərin kütləvi narazılıqlara çevrilməsi göstərir ki, əhalinin yaşayış səviyyəsi artıq ölkənin siyasi sabitliyinə birbaşa təsir edən amilə çevrilib.

Ümumi olaraq dəyərləndirsək, bəli, Pezeşkianın ərzaq kuponları vədini müəyyən çərçivədə yerinə yetirməsi tamamilə mümkündür. Lakin bu addım İran əhalisinin ümumi iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün kifayət deyil. Kuponlar müəyyən müddət nəfəs almaq imkanı verə bilər, lakin iqtisadi böhranın özünü aradan qaldırmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: