Zelenski Zalujnı ilə şəxsən görüşdü: yola salır… – FT

Vladimir Zelenski bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə görüşüb və istefasından sonra ona Ukrayna hakimiyyətinin müdafiə məsələləri üzrə müşaviri vəzifəsini təklif edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” vəziyyətlə tanış olan mənbələrə istinadla yazıb.

“Bazar ertəsi axşam Zelenski və Zalujnı şəxsən görüşüb, generalın gələcəyini müzakirə ediblər. Bundan sonra Prezident Zelenski Zalujnıya onun tezliklə vəzifəsindən azad ediləcəyini bildirib və ona hökumət müşaviri vəzifəsini təklif edib. General bu təklifdən imtina edib”, – nəşr qeyd edib.

Mənbə bildirib ki, Zelenskinin Ofisi Zalujnının istefası ilə bağlı artıq qərar verib, qalır bunun nə vaxt həyata keçirilməsini və onun vəzifəsini kimin tutacağını, həmçinin Zalujnının yeni vəzifə təklifini qəbul edib-etməyəcəyini müəyyənləşdirmək. Qeyd olunur ki, Zelenski Ukrayna ordusunun baş komandanını əvəzləməyə hazırlaşır, lakin bazar ertəsi yayılan xəbərlərə görə bu, bir müddət baş tutmaya bilər.

Qəzet vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna mümkün namizədlər sayılır.

Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Rada deputatı bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.