Suriyada yanacağın qiymətinin kəskin artmasından sonra Bəşər Əsədin hakimiyyətdən devrilməsindən bəri ən genişmiqyaslı etiraz aksiyaları başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Etirazçılar təkərləri yandırıb, əsas yolları, o cümlədən Dəməşqlə sənaye mərkəzi Hələb şəhərini birləşdirən magistralı bağlayıblar.
Nümayişçilərin bir qismi energetika və iqtisadiyyat nazirləri Məhəmməd əl-Bəşir və Məhəmməd Nidal əş-Şaarın, eləcə də Suriya Neft Şirkətinin rəhbərinin istefasını tələb edib.
“Reuters”in məlumatına görə, sentyabrın 12-də Suriya hökuməti dizel yanacağının qiymətini 40 faiz artıraraq litrini 175 Suriya funtuna (1,32 dollar) çatdırıb.
Bundan başqa, məişət və sənaye qazının qiyməti təxminən 9 faiz, 95 oktanlı benzinin qiyməti 28 faiz, 90 oktanlı benzinin qiyməti isə 26 faiz artırılıb.
Suriya Energetika Nazirliyinin nümayəndəsi Əbdülhəmid Sələt qiymət artımını dünya bazarında alış xərclərinin yüksəlməsi və ölkənin yanacaq idxalından yüksək asılılığı ilə əlaqələndirib.
Onun sözlərinə görə, bu, müvəqqəti tədbirdir və bazar şərtləri dəyişdikdə qiymətlər yenidən nəzərdən keçirilə bilər.
Nazirlik bildirib ki, qiymətlərin artırılmasında məqsəd neft məhsullarının alış qiyməti ilə ölkə daxilində satış qiyməti arasındakı fərqi azaltmaq, Suriya Neft Şirkətinin növbəti tədarükləri maliyyələşdirməsinə və daxili bazarın yanacaqla təminatını davam etdirməsinə imkan yaratmaqdır.
Əliyar Xəlil