Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Bakıda hərbi cinayətlərə görə məhkum edilmiş ermənilərə həsr olunmuş sərginin keçirilməsi ilə əlaqədar Paris meri Emmanuel Qrequara etiraz məktubu göndərib.
Leyla Abdullayeva Paris şəhər meriyasının diqqətinə çatdırıb ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin keçmiş nümayəndələri də daxil olmaqla Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxslər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli biliniblər
Fransa Azərbaycanda həbsdə olan 19 erməninin niyə müdafiəsinə qalxdı?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Fransanın bu məsələni gündəmə gətirməsi açıq şəkildə bizim daxili işimizə müdaxilədir:
“Həmişəki kimi Paris bunu insan hüquqları və humanizm pərdəsi altında təqdim etsə də, reallığın başqa olduğu məlumdur. Burada açıq siyasi maraq və separatizmi dəstəkləyən mövqe görünür.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın Paris meriyasına verdiyi cavab tam əsaslıdır. Çünki söhbət sadəcə “erməni məhbuslardan” getmir. Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxslər Qarabağda uzun illər fəaliyyət göstərmiş separatçı rejimin keçmiş rəhbərləri və nümayəndələridir. Azərbaycan tərəfi onları müharibə və insanlıq əleyhinə cinayətlərdə mühakimə edib.

Qabil Hüseynli
Bu şəxslərin etnik mənsubiyyətini ön plana çıxarıb onları avtomatik şəkildə “qurban” obrazında təqdim etmək baş vermiş hadisələrin mahiyyətini təhrif etməkdir. Azərbaycan 30 ildən artıq davam edən işğal və münaqişə nəticəsində böyük itkilərlə üzləşib. Minlərlə azərbaycanlı öldürülüb, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin salınıb. Birinci Qarabağ müharibəsindən Xocalı faciəsinə, işğal olunmuş ərazilərdə törədilən dağıntılardan itkin düşmüş şəxslərə qədər Azərbaycan cəmiyyətinin yaddaşında ağır cinayətlərlə bağlı çoxsaylı suallar var.
İndi Azərbaycan öz ərazisində törədilmiş cinayətlərlə bağlı araşdırma aparır, təqsirli gördüyü şəxsləri mühakimə edir. Bu, hər bir suveren dövlətin hüququdur. Əgər Fransa həqiqətən beynəlxalq hüquqa və ədalət prinsipinə hörmət edirsə, ilk növbədə Azərbaycan məhkəmələrinin fəaliyyətinə hörmət göstərməli və məhkəmənin nəticəsini qəbul etməlidir”.
Turan Rzayev
Globalinfo.az