ABŞ və Çin rəqabəti fərqli konteksə keçir. Tərəflər bir çox sahədə rəqabət apardıqları kimi indi də münaqişələr məsələsində rəqib olub. Belə ki, Çin son zamanlar dünyanın aktiv hərbi və siyasi münaqişələrinin tənzimlənməsi üçün ciddi diplomatik təmaslar qurur.
İran-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması, Rusiya-Ukrayna müharibəsinin danışıqlar kontekstinə keçməsi kimi irəli sürülən təkliflər buna misal ola bilər.
Rəsmi Pekinin son olaraq İsrail və İran arasında diplomatik təmasların qurulması üçün vasitəçilik təklif etməsi də kifayət qədər diqqət çəkdi.
Maraqlıdır, İsrail-İran kimi iki düşmənin barışması mümkün görünürmü? Bu barışıq indiki halda İrana, yoxsa İsrailə lazımdır? Çin regionda təşəbbüsü ələ almaqla ABŞ-ın dominantlığını əngəlləyə biləcək?
Globalinfo.az-a mövzunu şərh edən politoloq Qabil Hüseynli deyib ki, Çin faktiki olaraq ABŞ-ın başlatdığı münaqişələri bitirərək dünya miqyasında müsbət imic yaratmaq istəyir:
“Bu ilk başda müsbət tendensiya kimi görünə bilər, lakin reallıq heç də belə sadə deyil. Məsələ ondadır ki, ABŞ-ın yaratdığı münaqişələr kifayət qədər dərin və qəliz olur. Hətta elə ki, bəzən ABŞ özü belə həmin münaqişələri tənzimləyə bilmir. Bu baxımdan Çinin üzərinə götürdüyü missiya mümkünsüz kimi bir şeydir.
Misal üçün, Çin Rusiya və Ukrayna arasında danışıqların başlanmasına nail olmaq istəyir, lakin irəli sürdüyü təklif rəsmi Kiyevin maraqlarına uyğun deyil. Ukrayna tərəfi birmənalı şəkildə bildirib ki, Rusiya işğal etdiyi torpaqları tərk etmədikcə sülh olmayacaq.
Çinin İran ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətində danışıqlara başlaması isə müvəqqəti xarakterlidir. Məsələ ondadır ki, bu danışıqlar kifayət qədər kövrəkdir. Yəni ən kiçik gərginlik tərəflər arasında hər an münasibətləri yenidən gərginləşdirə bilər”.
Politoloqun sözlərinə görə, Çinin İran ilə İsraili barışdırmasına dair xəbərlər həqiqəti əks etdirmir:
“Bu istiqamətdə bir sıra xəbərlər yayılıb, lakin mən həqiqət olduğunu düşünmürəm. Çinin bu iki ölkəni bir araya gətirə biləcək imkanları yoxdur”.
Turan Rzayev
Globalinfo.az














