Prezidentin köməkçisi Hikmət Hacıyev 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı açıqlamasında bir kitaba istinad edərək fikir bildirib.
Globalinfo.az xəbər verir ki, sabiq deputat Etibar Əliyev həmin kitabla bağlı özünün sosial media hesabında paylaşım edərək maraqlı məlumat açıqlayıb.
Bildirib ki, Hikmət Hacıyevin sitat gətirdiyi əsər məşhur amerikalı psixoloq Conatan Heydtin müəllifi olduğu “Narahat nəsil” (“The Anxious Generation”) kitabıdır. Onun sözlərinə görə, bu ilin aprel ayında həmin kitabı sosial şəbəkə hesabında oxuculara təqdim edib.
Etibar Əliyev qeyd edib ki, kitabın müəllifi rəqəmsal dövrdə uşaqların sağlam inkişafı üçün bir sıra tövsiyələr irəli sürür. Bunlar arasında 9-cu sinfə qədər uşaqlara internetə çıxışı olmayan adi telefonlardan istifadə edilməsi, 16 yaşınadək sosial şəbəkələrə qoşulmamaq, məktəblərdə telefon və digər ağıllı cihazların qadağan edilməsi, eləcə də uşaqların daha çox sərbəst oyun oynaması və müstəqil fəaliyyət göstərməsi yer alır. Müəllif hesab edir ki, bu dəyişikliklərin əksəriyyəti böyük maliyyə vəsaiti tələb etmir və bir çoxu qanunvericilik dəyişikliyi olmadan da həyata keçirilə bilər.
Bununla yanaşı, sabiq deputat paylaşımında sözügedən kitabın Azərbaycan dilinə tərcüməsinin vacibliyini də vurğulayıb. Onun paylaşımına rəy yazan TEAS Press nəşriyyat evinin redaktoru Famil Cəfərli kitabın artıq Azərbaycan dilinə tərcümə edildiyini və hazırda çapa hazırlandığını bildirib.