Prezidentin köməkçisi Hikmət Hacıyevin xaricdə yaşayan bloger Tural Sadıqlı ilə Berlində ayaqüstü söhbəti sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirə olunur. Xüsusilə H.Hacıyevin təmkinli, səbirli və sakit duruşu ilə Tural Sadıqlıya sözün əsl mənasında dərs keçməsi, onun mövqeyini ifşa etməsi bir çoxları tərəfindən müsbət qarşılanıb. Hətta elə ki, Tural Sadıqlının cavab verə bilməməsi onun özünə qarşı sosial şəbəkələrdə ciddi tənqidə səbəb oldu.
Videolara baxdıqda həqiqətən də Tural Sadıqlının Hikmət Hacıyevə cavab verməkdə çətinlik çəkdiyini görmək olar. Əslində təəccüblü bir şey də yoxdur.
Tural Sadıqlı nə deyə bilərdi ki?
Tural Sadıqlı bu günə qədər çox şey deyib. Yalan, uydurma, həqiqəti əks etdirməyən dezinformasiyaları monitor arxasından demək əlbəttə asandır. Ekran arxasından nə isə deməklə, şəxsin üzünə qarşı fikirlərini ifadə etmək eyni deyil.
Bu cəsarət tələb edir!
İnsanın belə situasiyada sərgilədiyi davranış, dedikləri onun haqda çox şeyi ifşa edir!
Tural Sadıqlı izləyiciləri və “dəstəkləyicilərindən” gələn neqativ şərh və mesajlardan sonra öz kanalında Hikmət Hacıyevlə dialoqunun videosunu montajlayaraq yenidən paylaşıb. Maraqlı məqam isə budur ki, sanki orda dediyi amma bizlərin eşitmədiyi ifadələri qırmızı alt yazıları ilə paylaşıb.
Həqiqətən cılız cəhd idi..
Reallıq isə ən sadə şəkildə belə idi: Hikmət Hacıyev sözünü dedi, Tural Sadıqlı isə sakitcə dinlədi və cavab verə bilmədi. Daha doğrusu Hikmət Hacıyevin ona yaxınlaşıb nə isə deyəcəyini gözləmirdi…
Hikmət Hacıyevin Tural Sadıqlıya verdiyi bu “dərs” mənə başqa amma bənzər bir olayı xatırlatdı. Mehriban xanım Əliyeva da məhz Almaniyada, Münhen Təhlükəsizlik Konfransı zamanı buna bənzər bir mövqe nümayiş etdirmişdi. Daha dəqiq desəm Azərbaycan dövlətinin rəhbərliyində təmsil olunan şəxslərə qarşı ittihamlar səsləndirən və 44 günlük müharibə, eləcə də Bakıda mühakimə olunan şəxslərlə bağlı mövqelər ortaya qoyan Emin Hüseynova “Qadın paltarında səfirlikdə gizlənən siz idiniz? Sizə can sağlığı arzulayıram…” demişdi
Tural Sadıqlı kimi Emin Hüseynov da ona cavab veriləcəyini düşünmürdü. Çünki bu kimi söyüşü, təhqiri adi üslub hesab edən, heç bir sosial konteksti nəzərə almadan qadın, uşaq, ailə demədən qarşı tərəfi hədəfə alan şəxslər çox zaman ya buna səssiz qalınacağını, ya da onlara eyni tərzdə cavab veriləcəyini düşünürlər.
Hətta deyərdim onlara söyüş söyülməsi, təhqir edilməsi daha çox sərf edərdi…
Amma biz nəyin şahidi oluruq? Mehriban xanım Əliyeva Emin Hüseynova iki cümləlik az amma öz cavab verdi:
“Qadın paltarında səfirlikdə gizlənən siz idiniz? Sizə can sağlığı arzulayıram…”
Hər bir xalqın tarixində və mədəniyyətində müəyyən davranışlar var ki, onlar cəmiyyət tərəfindən qəbul edilmir və ayıb hesab olunur. Azərbaycan mədəniyyətində bir kişinin qadın paltarı geyinməsi xüsusilə müəyyən situasiyalarda mənfi qarşılanan davranışlardan biridir. Bunu təkcə kişilər deyil, qadınlar da həmin mədəni çərçivədə qiymətləndirirlər. Mehriban xanım Əliyevanın bu ifadəni işlətməsi də məhz həmin kontekstdə təsirli cavab kimi qiymətləndirilə bilər.
Daha sonra deyilən “Sizə can sağlığı arzulayıram” ifadəsi isə qarşı tərəfin seçdiyi həyat yoluna ikrah, lakin yenə də ən sivil formada verilən cavabdır. Əgər Emin Hüseynov belə bir yolu seçibsə, ona ən yaxşı halda can sağlığı arzulamaq qalır.
Öncə Mehriban xanım Əliyevanın daha sonra Hikmət Hacıyevin sərgilədiyi mövqe mənə görə əxlaq, diplomatiya, Azərbaycan dövlətinin milli kimliyi və dəyərlər sisteminin ifadəsidir.
Qarşı tərəf özünü hansı mövqeyə qoyursa-qoysun, hansı üslubu seçirsə-seçsin, insan ilk növbədə özünü və təmsil etdiyi dəyərləri unutmamalıdır.
Anlayan üçün burada böyük bir dərs var!

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı