qanun

ABŞ Nümayəndələr Palatası müdafiə siyasəti ilə bağlı qanun layihəsini cüzi səs üstünlüyü ilə qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“2027-ci maliyyə ili üçün hazırlanan və silahlı qüvvələrə rekord həcmdə – 1,15 trilyon dollar vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsi 216 lehinə, 212 əleyhinə səslə qəbul olunub.

Demokratlar, Prezident Donald Tramp və respublikaçıların sosial proqramların maliyyəsini azaltdığı bir vaxtda Pentaqona bu qədər böyük vəsait ayrılmasına etiraz ediblər.

Onlar həmçinin ABŞ-ın İrana qarşı müharibədə iştirakına da qarşı çıxırlar. Pentaqonun məlumatına görə, bu müharibə indiyədək ABŞ-a 37,5 milyard dollara başa gəlib”, – deyə bildirilib.

Respublikaçılar isə qeyd ediblər ki, nəzərdə tutulan vəsait İrana qarşı əməliyyatlar zamanı ordunun dəstəklənməsi, yeni müdafiə sistemlərinin hazırlanması, silah-sursat alınması və hərbçilərə sosial təminatların yaxşılaşdırılması üçün vacibdir:

“Layihəyə hərbçilərin maaşlarının 7% artırılması, kazarmaların və hərbçi ailələri üçün yaşayış evlərinin tikintisi də daxildir.

Demokratların narazılığına səbəb olan digər müddəa isə ABŞ və İsrail arasında hərbi texnologiyalar sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsidir. ABŞ-da bəzi siyasətçilər Qəzzada mülki əhali arasında ağır itkilərlə nəticələnən hücumlara görə İsrailə göstərilən dəstəyin azaldılmasına çağırırlar”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: