Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 4333 nəfərə çatıb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həlak olanlardan 315 nəfərin şəxsiyyəti hələ də müəyyən edilməyib.
Rəsmi məlumata əsasən, yaralıların sayı dəyişməyərək 16740 nəfər təşkil edir. İndiyədək 6462 nəfər xilas edilib, təxminən 17 min nəfər isə evsiz qalıb.
Xorxe Rodriqes qeyd edib ki, ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes gələn həftə zərərçəkən ailələrə ilk 200 mənzili təhvil verəcək, lakin layihənin detalları açıqlanmayıb.
Parlament sədrinin sözlərinə görə, zəlzələ nəticəsində 856 bina zərər görüb. Onlardan 190-ı tamamilə dağılıb və ya daşıyıcı konstruksiyaları çöküb.
Hökumətin ilkin hesablamalarına görə, zərərçəkənlər üçün 25 min yeni mənzilə ehtiyac var. Artıq Osma və Çuspa bölgələrində ümumi sahəsi 584 min kvadratmetr olan 40-a yaxın torpaq sahəsi yaşayış layihələri üçün müəyyən edilib.
Rodriqes onu da qeyd edib ki, axtarış-xilasetmə əməliyyatları hələ də davam etdirilir.
Aysel Əliyeva
Globalinfo.az