Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı mühüm açıqlama verib. O, Prezident İlham Əliyevin liderliyini yüksək qiymətləndirərək, tarixi sülh sazişinin bölgədə sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradacağını bildirib.
Globalinfo.az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, Azərbaycan Prezidenti fəaliyyətində hər zaman ölkənin milli maraqlarını, regionda və dünyada sülhün, sabitliyin möhkəmləndirilməsini əsas prioritet kimi müəyyənləşdirib:
“Təqdirəlayiq haldır ki, bu siyasəti xarici siyasi dairələr də yüksək qiymətləndirir. Azərbaycanın digər dövlətlər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, ilk növbədə, Prezidentin düşünülmüş, həm ölkəmizin, həm də beynəlxalq ictimaiyyətin maraqlarına cavab verən siyasəti ilə bağlıdır. İlham Əliyevin şəxsi keyfiyyətləri və liderlik bacarığı da bu prosesdə mühüm rol oynayır. Onun fəaliyyətinə beynəlxalq səviyyədə yüksək qiymət verilməsi ilk hal deyil. Xanım Lyayenin Bakıya səfəri zamanı Azərbaycan Prezidentinin liderliyini xüsusi vurğulaması da dövlət başçısının beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir. Çünki ölkə başçımızın beynəlxalq və regional münaqişələrin həlli istiqamətində göstərdiyi səylər dəfələrlə müsbət nəticələr verib”.
Aydın Mirzəzadə
Deputat bildirib ki, dünyanın diqqətinin regiona yönəldiyi indiki şəraitdə də Azərbaycan Prezidentinin ümumi maraqlara xidmət edən siyasəti sülhün təmin olunmasında mühüm rol oynayır:
“Avropa Komissiyasının liderinin İlham Əliyevin fəaliyyətinə verdiyi yüksək qiymət, həm də Azərbaycan dövlətinə və xalqına verilən dəyərdir. Xalqımız öz liderinin siyasətini dəstəkləyir və bunu seçkilərdə də nümayiş etdirir. Bu gün Prezidentin rəhbərliyi ilə Azərbaycan güclü, nüfuzlu və dayanıqlı dövlət kimi inkişafını davam etdirir”.
Ləman İmran
Globalinfo.az