Baki Tehran

Son vaxtlar Bakı-Tehran münasibətlərində mülayimləşmə müşahidə edilir. İran tərəfi ənənəvi neqativ siyasətini “dostluq və mehriban qonşuluq” ritorikası ilə əvəzləyir. Bu, İran xarici işlər naziri Abbas Əraqçinin Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə həmkarı Ceyhun Bayramova ünvanladığı təbrik mesajında da aydın görünür.

İran Prezidenti Məsud Pezeşkian da Prezident İlham Əliyevi Müstəqillik Günü ilə münasibətilə təbrik etdi. Bunlar protokoldur, hər il olur. Amma İran tərəfinin mövqeyində xüsusi bir dəyişikliyin olduğu hiss edilir.

Həmçinin İran səfiri iyunun 2-də Prezident Administrasiyasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevlə görüşüb.

İndiki mərhələdə bu “isti münasibət” nə ilə bağlıdır? Tehranı Bakıya yaxınlaşdıran hansı vacib proseslər var?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Tehranla Bakı arasında münasibətlərin son dövrlər fərqli məcrada irəliləməsi, əslində, İran tərəfinin hələ də ABŞ və İsraillə mühasirədən tam çıxmaması ilə əlaqədardır:

“ABŞ və İsrail İrandan əl çəkmək niyyətində deyillər. İran tərəfi də onlarla konsensusa gəlmir. Yəni qısa desək, İran hələlik müharibə vəziyyətindədir. Həm ötən il baş vermiş 12 günlük müharibə, həm də bu il yaşanan hərbi qarşıdurma İrana ciddi zərər vurdu. Tehran da öz növbəsində körfəz ölkələrinə, o cümlədən ABŞ bazalarına zərbələr endirdi.

Azərbaycan bu müddət ərzində açıq və dəqiq mövqeyi ilə seçildi. Bütün dövlətlərlə münasibətimiz birdir. Biz ərazi bütövlüyünü müdafiə edir, işğalı qəbul etmirik. ABŞ və İsraillə münasibətlərimiz yaxşı olsa da, qonşu İrana edilən hücumu qınayırıq. Rusiya-Ukrayna müharibəsində də rəsmi Bakı açıq mövqeyini bildirib.


Xəyal Bəşirov

İran tərəfi anti-Azərbaycan mövqeyindən çıxış edənlərə baxmayaraq, Bakının yanaşmasını, zənnimcə, başa düşdü. İranı idarə edən ağıllı insanlar var. Onlar Bakının real mövqeyini anlayır və bunu qorumağa çalışırlar. Bizim İranla böyük sərhədimiz mövcuddur. Tehran ölkəmizdən hansısa mənfi addımın ola biləcəyinə dair narahatlıq ifadə etsə də, Azərbaycan İrana qarşı neqativ rəftarın olmayacağını göstərdi. Bunu İran rəsmilərinin son açıqlamalarından görmək mümkündür.

Hesab edirəm ki, ABŞ Körfəzi mühasirədə saxlayır. Vaşinqtonla Tehran arasında məsələ tam həllini tapmayıb. Ölkəmizin hələlik mövqeyi dəyişməyib. Biz haqqı və ədaləti qoruyur, müdafiə edirik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: