WhatsApp Image 2023 03 01 at 13.41.13

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etməsi müsbət haldır. Görüş yeri üçün Bakının keçirilməsi isə xüsusi məna kəsb edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, erməni icması ilə görüşün keçirilməsində heç bir problem yoxdur:

“Prinsip etibarilə bu ilk belə görüş deyil. Bu günə qədər erməni icması ilə bir neçə dəfə təmaslar qurulub. Laçının boşaldılması və ya Sərsəng su anbarı ilə bağlı məsələ buna misal ola bilər. Bir müddət öncə isə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri ilə görüşdü.

Elxan Sahinoglu 5

Rəsmi Bakı bu və bu kimi təmasların davamında maraqlıdır. Bakıda belə bir görüşün keçirilməsi ən düzgün seçimdir. Erməni icmasının nə qərar verəcəkləri maraqlıdır. İllər boyu deyirdilər ki, “rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın”. Bu da dialoq, daha bəhanələri qalmayıb.

Rəsmi Bakı belə bir görüş tələbi ilə faktiki olaraq həm ermənilərə, həm də Qərbə bu mesajı verdi ki, biz dialoqdan qaçmırıq. Erməni icması ilə görüşlər ancaq Azərbaycan ərazilərində baş tuta bilər. Hətta Bakıda baş tutacaq görüş sonrası Xankəndidə görüşün keçirilməsi mümkündür. Sadəcə bu görüşlə bağlı bəzi texniki məsələlər aydınlaşdırılmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: