Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Onun sözlərinə görə, gələcəkdə Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində ölkəmizin iştirakı nəzərdən keçirilə bilər. H.Hacıyev qeyd edib ki, Şuranın iclasında səsləndirilən 7 milyard ABŞ dolları həcmində maliyyə paketində Azərbaycanın iştirakı nəzərdə tutulmur.
Azərbaycanın Sülh Şurası çərçivəsində Qəzzada mümkün iştirakı ölkənin milli maraqları və xarici siyasət prioritetləri baxımından hansı strateji üstünlüklər və dividendlər vəd edə bilər?
Globalinfo.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri üzvi Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan illərdir beynəlxalq müstəvidə bir sıra ölkələrə müxtəlif istiqamətlər üzrə yardım göstərir:
“Bu yardımlar həm humanitar, həm təhsil, həm də tibbi dəstəyi əhatə edir. Xüsusilə pandemiya dövründə 40 ölkəyə tibbi yardımın göstərilməsi Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfənin bariz nümunəsidir. Azərbaycan Ukraynaya da ciddi və ardıcıl dəstək nümayiş etdirir. Bu baxımdan beynəlxalq humanitar təşəbbüslərdə iştirak ölkəmiz üçün yeni bir təcrübə deyil. Eyni zamanda, Azərbaycan Fələstin məsələsində uzun illərdir siyasi, humanitar dəstək mövqeyi sərgiləyib. Xüsusən Qəzza məsələsində rəsmi Bakının ortaya qoyduğu mövqe həm ədalətli, həm də beynəlxalq hüquqa əsaslanır. Azərbaycan sülhü öz gücünə təmin etmiş ölkə kimi Qəzzada da sabitlikdə, rifahda maraqlıdır. Ölkəmizin belə geosiyasi məsələlərdə iştirak etməsi beynəlxalq nüfuz və mövqelərimizin güclənməsi baxımdan əhəmiyyətlidir”.
Deputat deyib ki, hazırda Suriyada məktəblərin tikintisi ilə bağlı da Azərbaycan hökumətinin konkret yanaşması mövcuddur:
“Yaxın illərdə Qəzzanın yenidən bərpası üçün böyük həcmdə sərmayələrə və genişmiqyaslı humanitar layihələrə ehtiyac yaranacağı gözlənilir. Azərbaycanın bu prosesdə iştirak etməsi isə ölkənin beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə, diplomatik mövqeyinin güclənməsinə və yeni tərəfdaşlıqların formalaşmasına xidmət edir”.
Zaira Akifqızı
Globalinfo.az