Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EU Today”ə müsahibəsində Azərbaycan–Rusiya münasibətlərindən danışıb. Hikmət Hacıyev ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən yanlış anlaşılmaların olduğunu bildirib.
O, Bakının Moskvadan rəsmi üzr, qəzanın araşdırılması, məsul şəxslərin cavab verməsi və kompensasiya tələb etdiyini söyləyib. Prezidentin köməkçisi bu məsələlərin həll olunduğunu və iki ölkə arasında normal qonşuluq münasibətlərinin davam edəcəyini vurğulayıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Yusif Bağırzadə deyib ki, Hikmət Hacıyev sonuncu müsahibəsində faktiki olaraq Azərbaycan–Rusiya münasibətləri ilə bağlı Bakının 4 prinsipial tələbini gündəmə gətirib:
“Bunlar Rusiyanın Azərbaycandan rəsmi üzr istəməsi, hadisə ilə bağlı tam istintaqın yekunlaşdırılması, kompensasiyanın verilməsi və bu məsələyə aidiyyəti olan şəxslərin tam şəkildə cəzalandırılmasıdır. Düşənbə sammitində Azərbaycan və Rusiya prezidentləri bir araya gəlib danışdı. İki ölkə arasında problemlərin böyük ölçüdə geridə qaldığını deyə bilərik.

Yusif Bağırzadə
Münasibətlərin dinamikası əsasən Rusiyadan asılıdır. Azərbaycan bütün dövlətlər, xüsusən də qonşuları ilə münasibətləri beynəlxalq hüquq əsasında qurur. Yəni Bakının Moskvadan tələbləri qeyri-adi deyildi, tamamilə beynəlxalq hüquqa əsaslanırdı. Azərbaycanla Rusiya arasında iqtisadi, siyasi, diplomatik əlaqələr və əməkdaşlıqlar mövcuddur, Kreml bunları nəzərə almalıdır.
Qeyd edim ki, İran Prezidenti Məsud Pezeşkianın Rusiyaya sonuncu səfəri zamanı mühüm iqtisadi sazişlər imzalanıb, onlardan biri də qaz ixracı ilə bağlıdır. Bunun üçün nəzərdə tutulan kəmər də SSRİ dönəmində olduğu kimi, Azərbaycandan keçməlidir. Məhz bu kimi amillər iki ölkə münasibətlərin normallaşmasını zəruri edir, beləliklə Kreml bu prosesdə tələsməlidir”.
Turan Rzayev
Globalinfo.az