Türkiyə təyyarəsinin qəzaya uğramasından sonra həmin ərazidə kritik əhəmiyyət daşıyan “qara qutu” tapılıb. Bu qutuda təyyarədaxili rabitə danışıqları və sistem qeydləri saxlanılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Haberler” nəşri məlumat yayıb.
Qəzet bildirir ki, Hava Qüvvələrinin Nəzarət İdarəsinin rəhbəri general Yaşar Kadıoğlunun başçılıq etdiyi araşdırma qrupu Gürcüstana gedərək ərazidə işlərə başlayıb.
İlkin hesabatlara görə, qəza zamanı əvvəlcə təyyarənin quyruq hissəsi qopub. Hazırda bunun səbəbləri araşdırılır. Araşdırmanın bu mərhələsində əsas diqqət təyyarədə texniki nasazlığın olub-olmamasına yönəlib.
Qəza ilə bağlı videolarda təyyarənin ön və quyruq hissələrinin tamamilə qopduğu görünür. Bir videoda təyyarə yerə düşməzdən əvvəl böyük bir hissənin havada ayrıldığı və yerə endiyi müşahidə olunur. Bu hissənin quyruq və ya yük bölməsinə aid olması ehtimal edilir.
Başqa bir videoda isə quyruq hissəsi əsas gövdədən ayrı şəkildə yerə düşür. Quyruq gövdədən xeyli aralıda tapılıb. Qəzadan dərhal sonra çəkildiyi ehtimal olunan fotolarda da quyruq hissəsinin başqa yerdə, əsas gövdənin isə tamamilə yandığı görünür.
Mütəxəssislər bildirirlər ki, qəzanı əks etdirən video hadisənin yalnız bir hissəsini göstərir və prosesin başlanğıcına dair görüntü yoxdur. Əgər quyruq hissəsi ilk qopan detal olubsa, bu zaman təyyarənin idarəolunmaz vəziyyətə düşdüyü və nəticədə burun hissəsinin də qopmasına səbəb olduğu düşünülür.
Safura Bənnayeva
Globalinfo.az