Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
Bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
***
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
Onun sözlərinə görə, səslərin 48,19 faizi hesablanıb.
Bertan Özerdağ bildirib ki, rəsmi olmayan məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman alıb. O, səslərin 63,38 faizini alıb. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,27 faiz səs toplayıb.
***
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.
Globalinfo.az bu barədə “Anadolu” Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, səsverməyə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) yekun vurulub.
***
Bu gün, oktyabrın 19-da Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir.
Globalinfo.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 218 313 nəfər seçici səsvermə hüququna malikdir və onlar 8 namizəd arasından seçim edəcəklər.
Hazırkı prezident Ersin Tatar seçkilərdə müstəqil namizəd kimi iştirak edir. Əsas rəqibi isə Cümhuriyyətçi Türk Partiyası (CTP) sədri Tufan Erhürmandır, o, partiyasının rəsmi namizədi kimi seçkiyə qatılıb.
Birinci turda həmçinin Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil namizədlər kimi iştirak edirlər. Osman Zorba isə Kipr Sosialist Partiyasını təmsil edir.
Daha sonra Hüseyn Gürlek öz namizədliyini geri çəkdiyini və Ersin Tatarı dəstəklədiyini açıqlayıb.
Qaydalara əsasən, namizəd yalnız 50 faizdən çox səs topladığı halda birinci turda prezident seçilə bilər. Əgər heç bir namizəd bu nəticəni əldə etməzsə, ən çox səs toplayan iki namizəd arasında yeddi gün ərzində ikinci tur keçiriləcək.
İkinci turda ən çox səs qazanan namizəd Şimali Kipr Türk Cümhuriyyətinin yeni prezidenti olacaq.
Safura Bənnayeva
Globalinfo.az