Son vaxtlar ictimai nəqliyyatın, xüsusilə də metronun pulsuz olması ilə bağlı təkliflər gündəmə gətirilir. Hətta, Malta, Serbiya və Estoniya kimi ölkələrdə bu model uğurla tətbiq edilir.
Azərbaycanda da bənzər təcrübənin tətbiqinə dair fikirlər səsləndirilir. Eyni zamanda, şəxsi avtomobillərdən istifadəyə müəyyən məhdudiyyətlərin qoyulması da təkliflər sırasındadır. Lakin bu cür yanaşmalar bəziləri tərəfindən “utopik” hesab olunur.
Globalinfo.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, ictimai nəqliyyatda güzəştlərin edilməsi nəzəri baxımdan mümkündür:
“Edilərsə, yaxşı olar. Amma ediləcəkmi? Belə bir gözlənti varmı? Yox, mən bunu gözləmirəm. Çünki bura Lüksemburq, Malta, Serbiya deyil. Burada iqtisadi durum, şirkətlərin maliyyə vəziyyəti tam fərqlidir. O baxımdan Azərbaycanda belə bir güzəştin edilməsi gözlənilmir. Bunun üçün şirkət deyil, dövlət güzəşt etməlidir. Dünyanın bütün ölkələrində belədir ki, şirkət güzəşt etdiyi halda dövlətdən güzəştlər əldə edir”.

Eldəniz Əmirov
Onun sözlərinə görə, şəxsi avtomobillərdən istifadənin qadağan olunması yolverilməzdir:
“Bir insan evindən çıxıb, avtomobilinə minib Ermənistan istisna olmaqla, dünyanın demək olar ki, bütün ölkələrinin şəhərlərinə səfər edə bilirsə, Bakıda şəxsi avtomobillərin istifadəsinin qadağan olunmasını gözləmək doğru olmaz. Bu, əsassız, qeyri-konstruktiv və adekvat olmayan təklifdir. Bakıda tıxaclar regionların inkişaf səviyyəsi sürətlənməyənə qədər qalacaq. Regionlardan paytaxta üz tutma halları çoxaldıqca, tıxaclar da sıxlaşacaq. Heç kimə “paytaxta gəlməyin” demək olmaz.
Avtobuslarda güzəştin yaxın 5 il ərzində ediləcəyini düşünmürəm. Bu gün daşıma xidməti həyata keçirən şirkətlər 50 qəpik gediş haqqının yetərsiz olduğunu deyirlər. Belə olan halda, hansı güzəştdən söhbət gedə bilər?
Ona görə də hazırkı məqamda nəqliyyat sektorunda qeyri-adi yüksəliş və ya eniş gözləmək doğru deyil. Mövcud tendensiya qarşıdakı günlərdə də davam edəcək”.
Safura Bənnayeva
Globalinfo.az