baki esas 44

İsrail və Türkiyə arasında diplomatik gərginlik son günlər regionda siyasi balansa da təsir göstərir. Xüsusən Qəzza böhranı ilə bağlı kəskinləşən soyuqluq təkcə bu iki ölkəni deyil, həm də tərəfdaşlarını və bölgədəki sabitliyi təhdid edir.

Türkiyə-İsrail gərginliyi regiona nə vəd edir? Bu, Bakının manevr imkanlarını daralda bilərmi?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, bu qarşıdurmalar münaqişə ocaqlarına yaxın olan və onlarla həmsərhəd ölkələr, xalqlar üçün ciddi problemlər yaradır:

“Bu vəziyyət arzuolunan deyil. Çünki Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə möhkəm münasibətləri və geniş əməkdaşlıq imkanları mövcuddur. İki ölkə arasında gərginlik rəsmi Bakı üçün narahatlıq doğurur. Bizim mövqeyimiz və məqsədimiz aydındır. Xatırlayırsınızsa, Rusiya-Türkiyə gərginliyi zamanı Prezident İlham Əliyevin vasitəçiliyi ilə böhran aradan qaldırıldı. İki ölkənin liderləri onun bu prosesdəki rolunu yüksək qiymətləndirdilər.

Hazırkı vəziyyətdə də oxşar yanaşmaya ehtiyac var. Təbii ki, münasibətləri gərginləşdirməyə çalışan tərəflər, təxribatçı ünsürlər və fitnə-fəsad yaradan dairələr mövcuddur. Əsas məsələ ondan ibarətdir ki, Ankara ilə Təl-Əviv bir-birini diqqətlə dinləsin, münasibətlərini üçüncü tərəflərin təsirinə həvalə etməsinlər. Bu, son dərəcə təhlükəli istiqamətdir. Əgər arada ziddiyyətlər və anlaşılmazlıqlar yaranırsa, ilk növbədə diplomatik kanallar birbaşa işə düşməlidir. Hətta bu proses vasitəçilərsiz, birbaşa təmaslarla həyata keçirilməlidir. Çünki yalnız birbaşa ünsiyyətlə tərəflər bir-birini düzgün anlaya bilərlər. Əks halda, yayılan şayiələrə aldanmaq, üçüncü mənbələrin söylədiklərini əsas götürmək münasibətlərin daha da korlanmasına səbəb ola bilər. Belə hallarda əlaqələrdə gərginlik artır, qarşılıqlı etimad zəifləyir və diplomatik xətt demək olar ki, sıradan çıxır.

tofiq abbasov 900x600 1

Tofiq Abbasov

Hesab edirəm, Azərbaycanın dövlət başçısı bu cür situasiyalarda vasitəçilik etmək üçün böyük təcrübəyə malikdir. Onun həm Türkiyə, həm də İsraillə yüksək səviyyəli münasibətləri bu istiqamətdə dialoqu təşviq etməyə imkan verir. İndiki vəziyyətdə bu, ən rasional və effektiv çıxış yollarından biri ola bilər”.

Politoloq qeyd edib ki, bəzən gərginliklərin arxasında çox vacib, lakin ictimaiyyətə məlum olmayan təfərrüatlar ola bilər:

“Bəzən mətbuat və siyasətçilər belə bu incə məqamları tam anlamır. Ankara və Təl-Əviv Azərbaycanı layiqli vasitəçi və tərəfdaş kimi qəbul edib mövqeyinə qulaq asırlarsa, hesab edirəm ki, ziddiyyətlər və gərginliklər tezliklə aradan qaldırıla bilər. Eyni zamanda, Bakının bu prosesi manevr etməyə kifayət qədər imkanları mövcuddur. Biz heç bir tərəfə qarşı qərəzli yanaşma nümayiş etdirmirik. Azərbaycanın əsas problemi Ermənistanla bağlı məsələlərdir. Rəsmi İrəvanın ölkəmizə ərazi iddiaları olub, bizə qarşı məkrli və nifrət dolu münasibət sərgiləyib. Təbii ki, layiqli cavabımızı vermişik. Bu proseslər çərçivəsində Azərbaycan uzun və mürəkkəb bir tarixi yol keçib. Həmin təcrübə bizi həm daha güclü edib, həm də daim ayıq-sayıq olmağı öyrədib.

Azərbaycanın manevr imkanları genişdir. Şimaldan, cənubdan, qərbdən və şərqdən müxtəlif tərəfdaşlarla qurduğumuz əlaqələr və fərqli yanaşmalarımız bu imkanları daha da artırır. Bu səbəbdən hesab edirəm ki, Azərbaycanın qarşısında həlli mümkün olmayan heç bir problem yoxdur”.

Ləman Hüseynzadə
Globalinfo.az

Paylaş: