İsveçrə hökuməti Suriyaya qarşı tətbiq etdiyi geniş iqtisadi sanksiyaların ləğvini elan edib. Bu sanksiyalar arasında ölkənin Mərkəzi Bankı da var.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İsveçrənin Federal Şurası açıqlama yayıb.
Bildirib ki, keçmiş prezident Bəşər Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra keçmiş rejimlə əlaqəli şəxslərə və qurumlara qarşı yönəlmiş fərdi sanksiyalar qüvvədə qalacaq.
“Bu qərarın məqsədi ölkənin iqtisadi bərpasını və inklüziv, sülh yolu ilə siyasi keçidi təşviq etməkdir”, – deyə Federal Şura vurğulayıb.
Mart ayında sanksiyaların yüngülləşdirilməsindən sonra İsveçrə indi müəyyən maliyyə xidmətlərinin, qiymətli metallarla ticarətin və lüks məhsulların ixracına qoyulan məhdudiyyətləri tamamilə qaldırır.
Ümumilikdə, Suriyanın Mərkəzi Bankı da daxil olmaqla 24 qurum sanksiyalar siyahısından çıxarılıb.
Bu qərar may ayının sonunda Avropa İttifaqının Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etməsindən və ABŞ Maliyyə Nazirliyinin oxşar addımından sonra verilib.
Aysel Əliyeva
Globalinfo.az














