Bakı dəstək verdi, İrəvanla razılaşdı: Fitsodan gözlənilməz həmlə

Bakı dəstək verdi, İrəvanla razılaşdı: Fitsodan gözlənilməz həmlə

Slovakiyanın Baş naziri Robert Fitsonun Ermənistana səfəri, burada rəsmi şəxslərlə görüşü və “İrəvan dialoqu” beynəlxalq forumunda iştirakı maraqla qarşılandı. Ermənistanın Baş naziri Nikol Paşinyan Fitso ilə görüşdə iki ölkə arasında hərbi sənaye sektorunda əməkdaşlıq imkanlarının da müzakirə olunduğunu söylədi.

Paşinyanın bəyanatı Ermənistanın bu ölkədən də silah və hərbi texnika idxalını planlaması kimi dəyərləndirilir. Bəzi ekspertlərin fikrincə, İrəvan Fransa və Hindistanla yanaşı silah tədarükü həyata keçirdiyi ölkələrin siyahısını genişləndirməyə çalışır.

Burada diqqət çəkən başqa bir məqam isə Slovakiyanın enerji sahəsi üzrə Azərbaycanla olan münasibətləridir. 2024-cü ilin dekabrında SOCAR bu ölkənin ən böyük dövlət enerji təchizatçısı olan SPP-yə qaz tədarükünə başlayıb.

Bakının enerji ilə təmin etdiyi, əlaqələrinin yaxşı olduğu ölkənin İrəvana silah satışı həyata keçirməsi hansı meyarlara əsasən mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan və Slovakiya arasında enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edir:

“Əlbəttə, iki ölkə arasında münasibətlərin inkişaf etdiyi bir zamanda Slovakiyanın Baş naziri Robert Fitso ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunması narahatlıq yaradır. Rəsmi Bratislav üçün Azərbaycan təkcə alternativ qaz mənbəyi deyil, həm də Rusiyadan enerji asılılığının azaldılması prosesində geoiqtisadi seçimdir. Brüsseldə Azərbaycan, Slovakiya və Avropa Komissiyası nümayəndələri arasında keçirilən üçtərəfli enerji müzakirələri də bu niyyətin gələcək perspektivə hesablandığını göstərir.

Slovakiya faktiki olaraq paralel siyasət yürüdür: bir tərəfdən enerji sahəsində Azərbaycanla strateji tərəfdaşlığa gedir, digər tərəfdən Ermənistanla hərbi sənaye əməkdaşlığını gündəmə gətirir. Bu ikili yanaşma, Bratislav hökumətinin regional güc balansında “neytral körpü” mövqeyi tutmaq cəhdi ilə izah oluna bilər. Lakin istənilən halda, bu, Bakının diqqətindən yayınmayacaq bir gedişdir”.

Bakı dəstək verdi, İrəvanla razılaşdı: Fitsodan gözlənilməz həmlə
Qabil Hüseynli

Politoloq bildirib ki, Slovakiya üçün bu diplomatik manevrlər Avropa İttifaqı daxilində regional baxımdan aktiv rol oynamaq istəyinin təzahürüdür:

“Hər iki Cənubi Qafqaz ölkəsi ilə əlaqələrin gücləndirilməsi Slovakiyanın bu regionda imkanlarını genişləndirir. Eyni zamanda, Aİ-nin Qafqaz strategiyasında ölkənin mövqeyini möhkəmləndirir.

Bratislavla enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Bu ölkə ilə münasibətlərin daha da dərinləşdirilməsi üçün siyasi və diplomatik kanalların açıq qalması vacibdir. Ermənistan–Slovakiya hərbi əməkdaşlığına ehtiyatla yanaşmaq, lakin bunu ifrat təhdid kimi qiymətləndirmədən, mövcud reallıqlar çərçivəsində təhlil etmək lazımdır. Azərbaycan Cənubi Qafqazda əsas enerji aktoru olaraq qalır və bu status regional diplomatik təsir gücünü artırır. Eyni zamanda Bakıya Ermənistanın balanslaşdırıcı cəhdlərinə qarşı daha üstün manevr imkanı verir”.

Turan Rzayev
Globalinfo.az