İran ABŞ-da prezident seçkilərinə müdaxilə ittihamlarını əsassız adlandırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat dərc edib.
Məlumata görə, İranın BMT-dəki daimi nümayəndəliyi Tehranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxiləsi ilə bağlı səsləndirdiyi ittihamları rədd edərək, onları əsassız adlandırıb.
“Bu cür ittihamlar əsassızdır və heç bir məntiqə sığmır. Daha əvvəl də qeyd etdiyimiz kimi, İranın ABŞ seçkilərinə müdaxilə etmək məqsədi və istəyi yoxdur. Əgər ABŞ hökuməti öz iddialarının doğruluğuna inanırsa, qoy sübut təqdim etsin”.
Qeyd edək ki, bundan əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) və digər kəşfiyyat qurumları birgə bəyanat yayaraq İranı ABŞ-dakı prezident seçkilərinə müdaxiləyə cəhddə ittiham ediblər.
Müşviq Tofiqoğlu
Globalinfo.az