HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Belə ki, əvvəlcə, qaldığı yerin raketlə vurulduğu, sonra isə otağına partlayıcı yerləşdirildiyi haqda xəbər verildi.
Digər tərəfdən Türkiyə MİT-in İsmayıl Haniyəni iki dəfə ölümdən qurtardığı ilə bağlı məlumatlar da mediada öz əksini tapıb. İddialara görə, Haniyə İranda olanda MİT ona telefondan, vatsapdan və s. bu tip vasitələrdən istifadə etməməyi tövsiyə edib. Bildirilir ki, xəbərdarlıqları nəzərə almayıb. Bunda da mühafizənin qüsurunun olduğu deyilir.
Tehranın mərkəzində HƏMAS liderinin öldürülməsi üçün ən uyğun variant hansı ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, İsmayıl Haniyəyə qarşı sui-qəsdin baş tutması İran dövlətinin məsuliyyətidir:
Şahin Cəfərli
“İsmayıl Haniyə yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün Tehrana getmişdi. Onun qaldığı bina da SEPAH-ın nəzarətində olub. Yəni binanın təhlükəsizliyi SEPAH tərəfindən təmin olunur. Lakin buna rəğmən sui-qəsdin baş tutması həm SEPAH-ın zəifliyindən, həm də İranın təhlükəsizlik sistemindəki boşluqlardan xəbər verir. Buna bənzər hadisələr öncəki illərdə də baş vermişdi. İran nüvə proqramının müəllifi olan bir neçə aparıcı fizik sui-qəsdə məruz qalmışdı. Dövlət orqanlarındakı bəzi İsrail agentləri ifşa olunmamaq üçün ölkədən qaçmağa nail olmuşdu. İsrail lazım olanda ifşa təhlükəsi qarşısında öz agentlərini İrandan çıxartmağı da bacarıb. Görünür, İran təhlükəsizlik sistemində İsrailə bağlı kifayət qədər yüksək vəzifəli şəxslər çalışır.
İsmayıl Haniyənin ölümündə İranla yanaşı şəxsi mühafizəçilərinin qüsurlarının olduğu da danılmazdır. Haniyənin həmin vaxtlarda telefondan, vatsapdan və s. istifadə edib-etmədiyi ilə bağlı dəqiq məlumatlar yoxdur. Əgər o, həqiqətən smartfondan istifadə edibsə, bu, ciddi qüsurdur. Təhlükəsizlik xidməti buna imkan verməməliydi. Müasir dövrdə smartfonların izlənməsi çox asan məsələdir. Xüsusilə də İsrail kəşfiyyatı kimi əlində çox ciddi texnoloji imkanları olan bir şəbəkə smartfon siqnallarını dünyanın istənilən yerindən tutmaq imkanlarına malikdir. Həmin siqnallar vasitəsilə telefon sahibinin koordinatları dəqiq müəyyən edilir”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza isə məsələyə belə münasibət bildirib:
Rəşad Rza
“İsmayıl Haniyənin qətli böhran, qarışıqlıq yaratmaq, tərəfləri bir-birinə qarşı çevirmək məqsədi daşıyırdı. O, bir çox qüvvələrin maraqlarını təmsil edirdi. Bu sui-qəsd həmin qüvvələrə verilən mesaj idi. İrana meydan oxumaq kimi dəyərləndirilməlidir.
Türkiyə MİT Haniyəni diqqətdə saxlayırdı. Lakin görünür, onun ölümü sifariş əsasında olub. Doğrudur, protokol qaydalarına uyğun olaraq Haniyə telefondan, eləcə də hər hansı sosial şəbəkələrdən istifadə etməməliydi. Bu, olduqca riskli addımdır. Məsələnin əsas istiqaməti prosesin planlı şəkildə həyata keçirilməsidir. Yəni onun telefondan istifadə edib-etməməsindən asılı olmayaraq bu sui-qəsd nə vaxtsa reallaşacaqdı”.
Safura Bənnayeva
Globalinfo.az













