
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Globalinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub. Daha əvvəl Leyla Əliyeva (48 kq) yarışla vidalaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***13:54
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.
Lunyov 33 iştirakçı arasında 24-cü olub və final mərhələsinə yüksələ bilməyib.
İdmançı 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
X X X
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub.
O, məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edib.
Beləliklə, Dımçenko 1/4 finala vəsiqə qazanıb. Bu raund iyulun 29-da gerçəkləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***11:00
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Globalinfo.az bildirir ki, idmançı qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib – 0:2 (8:21, 7:21)
Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da keçirəcək.
Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.
***09:00
Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Globalinfo.az bildirir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.
O, H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək.
Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bacarığını göstərəcək.
Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində uğur əldə etməyə çalışacaq.
Daha əvvəl iyulun 25-də Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.














