Türkiyə millisinin hücumçusu Merih Dəmiralın UEFA tərəfindən cəzalandırılması ciddi müzakirə edilir. Bu cəzadan sonra onun 2 oyun kənarda qalacağı deyilir.
İddia olunur ki, futbolçunun “Bozqurd” işarəsi göstərməsindən sonra yaranan ajiotaj əslində bilincli şəkildə qurulub. Məqsəd onu kənarda saxlamaq, Türkiyə komandasının zəiflədilməsinə çalışmaqdır.
Dəmiralın oyunlardan kənarlaşdırılması ilə yanaşı Türkiyə-Hollandiya qarşılaşması haqda daha bir narahatlıq doğuran məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Niderland–Türkiyə qarşılaşmasının hakimlər heyəti artıq Fransadandır.
Belə ki, matçı idarə edəcək hakimlərin adı açıqlanarkən Berlində baş tutacaq görüşün referisinin fransalı Kleman Türpenin olması və ona həmyerliləri Nikolas Danos və Benjamin Pajesin köməkçi təyin edilməsi diqqət çəkib. Həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə türk coğrafiyasında belə bir narahatlıq var ki, Fransadan olan hakimlər bu qarşılaşmada subyektivliyə yol verə bilər.
Fransanın Türkiyəyə, həmçinin Azərbaycana, eləcə də bütöv türk dünyasına məlum münasibəti fonunda bu hakimlərin cığallıq etməsi düşünülür. Bunun nə dərəcədə doğru olub-olmadığı komandaların qarşılaşması zamanı üzə çıxacaq.
Qeyd edək ki, iyulun 6-da baş tutacaq Niderland–Türkiyə matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Xatırladaq ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral “Bozqurd” işarəsi göstərmişdi. Türkiyə millisinin üzvünün bu işarəni göstərməsi UEFA tərəfindən “siyasi jest” kimi qəbul edilmişdi və Merih Demirala qarşı araşdırma başlamışdı.
Əliyar Xəlil
Globalinfo.az