Türkiyə millisinin oyunçusu Merih Demiralın Avstriya ilə oyun zamanı Bozqurd işarəsi göstərməsi dünyada gündəm olub.
Türkiyə millisinin hazırkı heyətində millətçi, ülküçü gənclər çoxluq təşkil edir. Amma bu işarənin göstərilməsində bir başqa mesajın olduğu deyilir. 2019-cu ildə Avstriya hökuməti “radikallıq və siyasi İslam”la mübarizə başlığı altında Bozqurd simvolu daxil, fərqli qruplara aid bir neçə simvolun istifadəsini qadağan edib. Bununla bağlı ölkədə “Simvol qaydası” qəbul olunub. Demiralın rəqib komandanın qapısına qol vurduqdan sonra bu işarəni göstərməsi Avstriyanın qəbul etdiyi qadağaya protest sayıla bilər.
Bozqurd türk milli şüurunda nə deməkdir? Türklər nədən qurdu özlərinin totemi seçib?
Mövzunu Globalinfo.az-a şərh edən türkoloq Faiq Ələkbərlinin sözlərinə görə, Merih Demiralın Bozqurd işarəsi göstərməsi təsadüfi deyildi.
O deyib ki, Bozqurd Türkiyədə çox önəmli bir yer tutur:
“Necə ki, Azərbaycanda, Türküstanda və digər türk ellərində belədir. Düzdür, zaman-zaman bəziləri iddia edirlər ki, guya türkçülük, “Bozqurd”, islamçılıq Türkiyədə aşağı səviyyəyə enir. Hər halda, yalnız Türkiyə milli komandasında deyil, ümumiyyətlə, Türkiyənin bütün həyatında türklük və bozqurdçuluq mühüm yer tutur. Türklüyün əsas simvollarından biri də şübhəsiz ki, məhz elə Bozqurddur”.
Türkoloqun fikrincə, Bozqurd türk milli şüurunda əbədi bir iz buraxıb:
“Bozqurd ədalətliliyin göstəricidir, həyat tərzidir. Yəni onun təbiətdə sürdüyü həyat və türklərin həyatı bir-biri ilə eynidir. Türklər digər canlılar arasında özünə ən yaxın olaraq boz qurdu görüblər. Bozqurd yalnız bir xilaskarlıq rolu deyil, həm də türklərin qəbul etdiyi həyat tərzidir. Çünki o, öz həyat tərzində məhz ədalətliliyi, ailəcanlılığı və digər məsələlərlə fərqlənir. Bu, çox önəmli məsələdir. Bozqurdu Ərgənəkonla da əlaqələndirirlər bəzən. Vaxtilə türklərin sayı azalanda və ya da bir dağın ortasına sığınanda, oradan çıxış yolu tapmaq istəyəndə onlara bir qurd yol göstərib. O qurda Börteçin və ya Börteçina deyilir. Börteçin həm də insanlara yol göstərən komandir, lider anlamı da daşıyır. Börteçin yeni-yeni torpaqlar fəth etməkdə də türklərə dəstək olub. Bunun da çox böyük anlamı var. Bütün anlamlarda türklər üçün Bozqurd bir həyat və yaşam tərzi, ədalətin simvolu və bioloji canlılar və insanlıq arasında da türklər özlərini Bozqurd kimi aparırlar. Bu, bir-birini tamamlayır”.
Zaira Akifqızı