Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 5-də Azərbaycana səfər edəcək. Globalinfo.az xəbər verir ki, bu məlumatı Türkiyə mətbuatı Ərdoğanın iyul ayı üçün səfər qrafikinə istinadən yayıb.
Məlumata görə, iyulun 3-ü və 4-də Ərdoğan Astanaya gedəcək. Orda Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək. Burada onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Ərdoğanın həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında iddialı açıqlamalarla çıxış edəcəyi də güman edilir. Buna səbəb Türkiyənin bir müddət əvvəl BRİKS-ə qoşulmaq niyyətinin elan etməsi göstərilir.
Türkiyə lideri Astanadan birbaşa Azərbaycana uçacaq və onun burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutacaq. Ayın 5-də başlayacaq səfər zamanı Ərdoğan Şuşanı da ziyarət edəcək. Burada o, ilk dəfə Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitinə qatılacaq. Bir sıra ekspertlər sammit çərçivəsində mühüm bəyanatların qəbul ediləcəyini gözləyirlər.
Ən önəmli məqam isə Ərdoğanın Azərbaycandan qayıtdıqdan sonra ABŞ-nı ziyarət etməsi olacaq. Türkiyə lideri iyulun 9-11-i arasında ABŞ-da olacaq və NATO-nun sammitində iştirak edəcək. Onun Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüşü də planlaşdırılır. Baydenlə Ukrayna, Qəzza, Qafqaz məsələlərinin müzakirəsi gözlənilir.
Tahir Turan