Şəxsiyyət vəsiqələrində və dövlət dilində dəyişiklik – ŞOK TƏKLİFLƏR

Şəxsiyyət vəsiqələrində və dövlət dilində dəyişiklik - ŞOK TƏKLİFLƏR

Prezident İlham Əliyev inaqurasiya nitqində Türk dünyası ilə bağlı məqama toxundu və ortaya birmənalı mövqe qoydu. Bizim ailəmizin Türk dünyası olduğunu, başqa yerdə ailə axtarmağın lazım olmadığını dedi. Dövlət başçısı bununla daxildəki antitürk xəttinə də yerini göstərmiş oldu. Beləliklə, ortaya bir neçə sual çıxır: vətəndaşların şəxsiyyət vəsiqəsində “milliyyəti” sözünün qarşısına “azərbaycanlı” yox, “türk” yazıla bilərmi? Azərbaycanın dövlət dili türk dili ilə əvəz olunacaqmı? Azərbaycan televiziyaları Türkiyə istehsalı film və serialları dublyajsız yayımlayacaqmı və s.

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev bu gün ortaq Turan məkanının yaradılması, inteqrasiya proqramının həyata keçirilməsi üçün zəruri olan geosiyasi və digər amillərin formalaşdığını qeyd edib.

Tarixçi deyib ki, söhbət Türkiyəni, Azərbaycanı, Orta Asiyanı əhatə edən, Volqa, Ural və Cənubi Sibirdə türklərin məskunlaşdığı bölgələrə genişlənmə perspektivindən gedir:

“Müasir dünya siyasətinin gətirdiyi yeni hərəkətlər, əsrlər boyu tarixi çətinliklərin təsiri ilə parçalanmış, bir-birindən ayrı salınmış Türk Dünyası qarşısında da yeni imkanlar meydana çıxarıb. Qloballaşmanın daha əhəmiyyətli istiqaməti regionallaşmadır. Türk Dünyasının regionallaşmağını yeni mərhələyə ucaltmaq üçün böyük imkanlar yaranıb. Sovet dövlətinin dağılması dünyanın 1/6 tutan respublikaların yerləşdiyi böyük sahədə geopolitik vəziyyəti kökündən dəyişdirdi. Bu dövlətin tərkibindəki digər cümhuriyyətlər kimi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan ibarət olan türk respublikaları da müstəqilliklərinə qovuşaraq dünya istehsal sisteminin azad və bərabər tərəfdaşlarına çevrildilər”.

Azərbaycan dili 1978-ci ildə Dövlət dili kimi qəbul olundu – Mingəçevir İşıqları

Z.Əliyev bildirib ki, bu gün dünyada yeni bir geosiyasi-coğrafi məkan var, onun sərhədləri Avropadan Çin səddinə qədər uzanır:

“Bu coğrafiyanın sahibləri isə tarixin böyük dövlətlərinə, imperiyalarına sahib olmuş türklərdir. Lakin bu gün elmi, siyasi və diplomatik dairələrdə belə söz istifadə edilir “türkdilli dövlətlər”. Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda insanlar mənşə etibarilə türk olsa da, bu ölkələr türk dövlətləri yox, türkdilli ölkələr adlandırılır. Hətta beynəlxalq qurumların da adında “türkdilli” sözündən istifadə olunub. Misal olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası. Bu nəyə lazımdır? Türk dilli dövlət nə deməkdir? Məgər orda başqa xalqlar yaşayıb, sonradan türk dilini qəbul edib? 300 milyonluq millətin adı türkdür, dili də türk olmalıdır da. İlk addım olaraq bu ifadəni yığışdırmaq lazımdır. Bu dövlətlərin özünün mahiyyətində türklük dayanır. Yəni türk etnosuna aid olan bir dövlətdən söhbət gedir. Daha bu ifadə türk dilində danışan xalqlara aid deyil”.

Tarixçi sənədlərdə vətəndaş haqqında dolğun məlumat verilməməsi məsələsinə toxunub:

“Şəxsiyyət vəsiqəsində insanın adı, soyadı, atasının adı, doğulduğu yer, tarix, qan qrupu kimi çoxlu məlumatlar verilir. Çox maraqlıdır ki, vətəndaşın milli mənsubiyyəti haqqında heç bir məlumat verilmir. Tarixdən bəllidir ki, millət quran dövlət, dövlət kimi inkişaf edir. Təəssüf edirəm ki, bu gün orada bizim milli kimliyimiz göstərilmir. Azərbaycan Respublikasının ən ali qanunu olan Konstitusiyanın 44-cü maddəsində konkret olaraq hər bir insanın milli mənsubiyyətini qoruyub saxlamaq hüququ tanınır. Bu da şəxsiyyət vəsiqəsində öz əksini tapmalıdır. Milli mənsubiyyət hüququ konstitusiya ilə bizə verilib. Eyni zamanda artıq Qarabağ məsələsi bitib, torpaqlarımız azaddır və bizim dövlət burada yaşamaq üçün ermənilərə şərait yaradır. Yaxşı, onların milliyyəti nə yazılacaq? Erməni yazılacaqsa, bu, bizim digər xalqların, eləcə də türklərin milli kimlik hüququnun birbaşa pozulmasıdır. Yaxşı, erməni yazılmayacaqsa, azərbaycanlı yazılacaqsa, illər keçəndən sonra onları necə müəyyən edəcəyik? Onsuz da içimizdə 30 min erməni yaşayır və onların kim və nəçi olduğunu bilmədən 30 il işğal dövrünü yaşadıq. Hətta xalq arasında “içimizdəki ermənilər” sözü tez-tez istifadə edilir və özü də yaxşı mənada yox”.

Zaur Əliyev deyib ki, gələcəyimizi sığorta etmək üçün mütləq şəxsiyyət vəsiqəsində milliyyət qeyd edilməlidir:

Yeniyetmələrə şəkilli şəxsiyyət vəsiqəsi veriləcək

“Əgər şəxsin milliyyəti şəxsiyyət vəsiqəsində yazılsa, elektron qeydiyyatdan da keçir. Belə olan halda Azərbaycanda nə qədər millət yaşadığını da biləcəyik. Bəziləri iddia edir ki, sənəd milliyyəti təsdiq edən vəsiqə deyil, şəxsiyyət vəsiqəsidir. Şəxsiyyətin milliyyəti olmur məgər? Heç ümumvətəndaş pasportda bu yoxdursa, belə bəhanələr sadəcə, insanları aldatmaqdır. 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dili rəsmi olaraq dövlət dili kimi elan olunub. Müasir Azərbaycan da o dövlətin siyasi-hüquqi varisidir. Niyə biz o dövrdə qəbul edilən yanaşmanı indi qəbul etməyək? Müstəmləkəçilik siyasətinin nəticəsi idi ki, türk dili Azərbaycan dili sözü ilə dəyişdi. Bəyəm, indi də müstəmləkəçilik davam edir?”

Tarixçi alim qeyd edib ki, ədəbi dilinə görə tariximizin bir parçası hesab etdiyimiz Füzuli bu dili “türkcə” adlandırırdı:

“Mirzə Şəfi Vazeh dilin tədrisi üçün hazırladığı kitabın adını “Kitabi-Türki” qoyurdu, Bakıxanov çoxluğa xitabən “əhalinin dili türkcədir” deyirdi. Eyni zamanda tarixin bütün dövrlərinə nəzər salsaq əlyazma, qaynaq, mənbə, abidə və digərlərində türk dilində danışan türk xalqı kimi yazılır azərbaycanlılar. Niyə indi bu adda dili saxlayıb qədimliyimizi dünyaya sübut etməyək? “Azərbaycan dili” məfhumu isə məhz sovet hökuməti tərəfindən bizlərə təlqin edilmiş anlayışdır, sırf siyasi məqsədlərlə tətbiq edilib. Niyyət etnik Azərbaycan milləti quruculuğu və bizləri türk kimliyindən, dünyasından və millətindən uzaqlaşdırmaq idi. Əgər kimisə bu gün dövlət dilinin türk dili adlandırılması narahat edirsə, rədd olub ölkədən gedə bilər. Biz heç kimi zorla saxlamırıq! Bu ölkənin böyük əksəriyyəti türk millətinə mənsubdur və istər yazılsın, istər yazılmasın – milli geni, qanı və düşüncəni, kimliyi heç kim dəyişə bilməz”.

Zaur Əliyev türk filmlərinin tərcümə edilməsini tənqid edib:

“Bizim televiziyalarda rəhbərlikdə olanlar Anadolu türkcəsini tərcümə edib verirlərsə, onlara ayıb olsun. Dövlətin dili türk dili elan ediləndən sonra nə olacaq? Türk dilindən türk dilinə tərcümə edəcəklər?”

Zaira Akifqızı
Globalinfo.az