Yaxın Şərqdə vəziyyət gərginləşməkdə davam edir. ABŞ-ın Harir aviabazası və İraqdakı Ərbil beynəlxalq hava limanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) kamikadze PUA-ları, həmçinin “Fateh-110” ballistik raketlərinin hədəfinə tuş gəlib.
Maraqlıdır, Yaxın Şərqdə münaqişənin miqyası genişlənəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova qeyd edib ki, vəziyyətin getdikcə gərginləşməsinin əsas səbəbi planlaşdırılmış formada baş tutan İsrail-HƏMAS münaqişəsidir:
“ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdə keçirdiyi əməliyyatlar da planın tərkib hissəsidir. Rəsmi Vaşinqton Yaxın Şərqdəki bütün proseslərə nəzarət etmək və İranla Türkiyəni prosesə cəlb etmək məqsədi güdür. Yəmənin də münaqişəyə cəlb edilməsi dediklərimizi əsaslandırır. Proksi qrupların adı ilə bu günə qədər müharibə edən İran indi birbaşa İsrail əsgərləri, MOSSAD-ın orada olduğunu qeyd edib zərbə endirməklə müharibədə rolunu göstərməyə başladı.
Yaxın Şərqdəki münaqişə getdikdə dərinləşəcək. PKK və kürd təşkilatları ilə Türkiyənin, HƏMAS və husilərlə də İranın münaqişəyə daxil edilməsi əsas məram olduğu müddətdə sözügedən prosesin şahidi olacağıq. Ərəb ölkələri isə hələlik münaqişəyə daxil olmayacaq”.
Safura Bənnayeva