Rusiyada yeni qiyama hazırlıq gedir – Putinə siyahı verildi

Rusiyada yeni qiyama hazırlıq gedir – Putinə siyahı verildi

“Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin qiyamından sonra proseslər müəmmalı olaraq qalır. Bir çoxları bunun bir qiyam deyil, Kremldaxili qarşıdurma kimi qiymətləndirir. Bəzi ekspertlər isə Priqojinin cəhdini uğursuz qiyam kimi xarakterizə edirlər.

Maraqlıdır, Priqojin məsələsi bitdimi? Yoxsa Rusiyada rejimə qarşı analoji addımlar olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşən Məcidov deyib ki, Priqojinin qiyamı Rusiya Prezidenti Vladimir Putinin bütün zəifliklərini üzə çıxardı:

“Putinin gücünün əsasını iki ünsür təşkil edirdi: güc strukturları və media kampaniyaları. Priqojin qısa zamanda böyük bir ərazini nəzarətə götürdü və paytaxt Moskvaya doğru hərəkət etdi. Onun 25 minlik ordusu və mindən artıq hərbi texnikası vardı. Bununla belə, Rusiya ordusu heç bir halda ona müqavimət göstərmədi. Misal üçün döyüş təyyarələri və PUA-lar ilə çox rahat şəkildə bu hücumun qarşısı alına bilərdi. Lakin bunun şahidi olmadıq. Əsas versiya Rusiya ordusunun daxilində Priqojinə sadiq hərbçilərin olmasıdır. Lakin mən bu versiyanı real hesab etmirəm”.

Rusiyada yeni qiyama hazırlıq gedir – Putinə siyahı verildi

Elşən Məcidov 

Politoloq bildirib ki, Putin-xalq ictimai müqaviləsi iki şeydən asılıdır:

“Birincisi, sabitlikdir. Prinsip etibarilə Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya tətbiq edilən iqtisadi sanksiyalar bu sabitliyi pozdu. Dollar-rubl arasında kəskin fərqin yaşanması, iqtisadi gerilik və s. buna səbəb olub.

İkincisi, təhlükəsizlikdir. Rusiya son zamanlar Ukrayna müharibəsində geriləyib. Bu isə artıq rusların təhlükəsizliyində ciddi problemlər yaradır. Misal üçün Belqoroda edilinə hücumlar, Kremlə endirilən zərbələr və Priqojin qiyamı buna misal ola bilər. Ümumilikdə Putin hakimiyyəti çox zəifləyib”.

E.Məcidovun sözlərinə görə, Putinə qarşı yenidən çevrilişə cəhd ola bilər:

“Xüsusi xidmət orqanları Priqojin qiyamını əvvəldən bilirdi. Hətta bu haqda Putinə məlumat da verilmişdi. İndiki məqamda xüsusi xidmət orqanlarının informasiyası düz çıxdığı üçün qurumun əli güclənəcək. Hətta Priqojinlə əlbir olan şəxslər Putinə veriləcək və bu, Rusiyada yeni repressiya dalğası deməkdir. Mümkündür ki, həmin siyahıdakı şəxslərdən biri və ya bir neçəsi ölümünü gözləmədən əks-hücuma keçəcək. Beləcə növbəti qiyamın şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az