Son zamanlar cəmiyyətin müəyyən kəsimində müxtəlif mövzularda narazılıq müşahidə olunur. Xüsusən anomal hava şəraiti müşahidə olunanda ictimaiyyətdə kütləvi narazılıq yaşanır. İnsanlarımız daim təbiətlə konfliktdədir. Qışda soyuq olanda deyinirik. Yazda yağış yağanda bezirik, külək əsir, üsyan edirik. Ümumiyyətlə, bütün bu neqativliyin kökündə nə dayanır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib ki, bu məsələ həm milli, mənənvi, psixoloji vəziyyətlə, həm sosial, iqtisadi, hüquqi durumla bağlıdır.
“Fikir versəniz daha çox hər dəfə qanunsuzluq, haqsızlıq, ədalətsizlik görən insanlar narazıdırlar. Məmurlardan tutmuş vətəndaşların bir-birinə qarşı saxta münasibəti və s. hamısı cəmiyyətin həm sosial-mənəvi vəziyyətinin ifadəsidir, həm də ölkədəki hüquqi, ictimai vəziyyətin təsiridir. Yəni ətrafdan nə görürüksə, ona uyğun da formalaşırıq. Məsələn, 9 dəfə haqsızlıq, ədalətsizlik görürüksə, artıq 10-cu normal olduqda biz onu görə və ya qəbul edə bilmirik”.
Elçin Bayramlı
E.Bayramlı deyib ki, işləməyən, stress yaşayan, haqsızlıqla qarşılaşan biri istər-istəməz hər şeyə neqativ baxacaq:
“Bir adam hər zaman yalnız pis hadisələrlə qarşılaşırsa, artıq yaxşılar da onun üçün inandırıcı olmur. Bir sözlə, azlıq çoxluğa tabedir. Əgər çoxluq ətrafda haqsızdırsa, biz artıq həqiqəti görsək də, ona inanmırıq ki, burda mütləq nəsə başqa məqsəd var. Bu, formalaşmış streotiplərdir. Yəni cəmiyyət belə formalaşıb.
Ölkələrin fərqinə baxsaq, hansı ölkələrdə ictimai-siyasi, sosial-iqtisadi vəziyyət necədirsə, insanlaın da baxışı o cürdür. Hamısı kökdən gələn səbəblərlə əlaqəlidir. Tək isti-soyuqla bağlı deyil”.
Zaira Akifqızı
Globalinfo.az














