Rusiya Qarabağa fərqli istiqamətdən girir? – Sensasion PLAN

İyunun 17-də Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etmək üçün Cəbrayıla gəlib. Oradan Zəngilana gedərək işğaldan azad edilən torpaqlara yenicə qayıtmış sakinlərlə görüşüb. Onu Prezident İlham Əliyev yüksək səviyyədə qarşılayıb.

Minnixanovun ölkəmizə səfəri Azərbaycan və Tatarıstana nə verəcək? Bu, Rusiyanın Tatarıstan üzərindən Qarabağa investisiyası sayıla bilərmi? Kazan və Bakı arasında belə səmimi münasibətdən türk dünyası nə qazanacaq?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Rüstəm Minnixanovun Azərbaycana səfəri Rusiya regionları ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinin göstəricisi hesab oluna bilər.

“Çünki Rusiya Federasiyasının subyektləri çoxsaylıdır və Azərbaycanın iqtisadi göstəricilərinə uyğun olan müxtəlif iqtisadi resurslarla Azərbaycan iqtisadiyyatı ilə inteqrasiya arasındakı bir aktuallığı ortaya çıxarır. Tatarıstan da bu mənada istisna deyil”.

H.Babaoğlu deyib ki, yükdaşıma avtomobillərinin bir hissəsi Tatarıstana məxsusdur:

“Azərbaycan ərazisində həyata keçirilən böyük qayıdış proqramı çərçivəsində istismar olan avtomobil nəqliyyat parkına aid yükdaşıma vasitələrinin bir qismi məhz Tatarıstanda istehsal olunan avtomobillərdir. Ona görə də “Araz Vadisi İqtisadi Zonası”nda xüsusi  Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin rəmzi açılışı da burada istismar olan avtomobillərə təminat tələblərinin yerinə yetirilməsi üçün müvafiq xidmət verəcək.

Hikmət Babaoğlu

Amma məsələnin əsas tərəflərindən biri də ondan ibarətdir ki, hazırda Rusiya üzərindən Qərbə və Cənuba doğru yükdaşımalarda müəyyən problemlər var. Çünki yeni nəqliyyat kommunikasiyaları tam olaraq işləmir və bəzilərinin yenidən yaradılması zərurəti var ki, bunlardan ən əhəmiyyətlilərindən biri də Zəngəzur dəhlizidir”.

Deputat deyib ki, hər gün Rusiya və Türkiyə arasında artan iqtisadi münasibətlərin şahidi oluruq:

“Bu da özlüyündə yükdaşımaları zəruri edir. Belə olan halda əlbəttə ki, Zəngilan rayonunun Ağalı kəndi, Cəbrayıl rayonu istiqamətində olan zərgərlik iqtisadi zonası kimi vergidən azad olunmuş xüsusi iqtisadi mühit sözsüz ki, Rusiya üçün çox vacib və cəlbedicidir. Buna görə də iqtisadi inteqrasiyanı dəstəkləyəcək  mənəvi mühitin olması çox vacib şərtlərdən biridir.

Azərbaycan Prezidenti Tatarıstan xalqını “qardaş xalq” adlandırdı. Tikilməsi davam edən məsciddə çıxış edən Tatarıstan respublikasının rəisi də bunu mənəvi yaxınlıq kimi qiymətləndirdi. Bu mənada həm iqtisadi, həm də mədəni mübadilə üçün tərəflərə mühüm inteqrasiya vəd edən bu kimi görüşlər, şübhəsiz ki,  həm də Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az