“İraqda 10 il sonra əyalət seçkiləri keçirildi. Sonuncu dəfə Kürdüstan referendumundan sonra Kərkükdə ciddi şəkildə kürd və türkman rəqabəti, hətta gərginliyi yaranmışdı”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kamran Sultanlı deyib.
Onun sözlərinə görə, Talabanilər və Bərzanilər arasında kürdlər üzərində dominantlıqla bağlı tarixi rəqabət, hətta münaqişə var:
“90-da onlar arasında silahlı toqquşma belə yaşanmış, Türkiyə və ABŞ-ın müdaxiləsi ilə gərginliyə son qoyulmuşdu. İraq Kürdüstanında indiyə qədər administrativ mərkəz Ərbildə Bərzanilər, ən böyük şəhərlərdən olan Süleymaniyədə isə Talabanilər əsas gücdür.
Mosul kimi türkmanların yaşadığı şəhərdə türkmanlar zəif nəticə göstərib. Lakin burada təbii demoqrafik səbəblər də var. Son zamanlar baş verənlərə görə türkmanların böyük qisminin Türkiyəyə və digər İraq bölgələrinə miqrasiya etməsi, daha sonra müharibələrdə həlak olması, Kərkük, Telafer və Mosulda artan kürd üstünlüyü səsverməyə öz təsirini göstərdi. Şübhəsiz, türkman namizədlər Talabani ailəsinin seçki saxtakarlıqlarına əl atdığını bildirir.
Seçkilərin nəticələri hələlik rəsmən açıqlanmayıb, lakin Mosulda kürdlər məclisdə 10 yer, ərəblər isə 15 yer əldə edib. Türkmanların yer əldə etməməsi isə onların siyasi gücünün azalmasına işarə edir. Digər tərəfdən, Kərkükdə zorla kürdləşmə siyasəti öz bəhrəsini göstərdi. Kərkükdə Talabanilərin idarə etdiyi Kürdüstan Vətənpərvərlər Partiyası, Mosulda isə Bərzanilərin Kürdüstan Demokratik Partiyası liderdir. Onu da qeyd edim ki, İraqda, xüsusilə Kərkükdə İran və Türkiyə arasında ciddi rəqabət var.
Bərzani ailəsi Türkiyəyə, Talabani ailəsi isə İrana yaxınlığı ilə seçilir. Kərkükdə Talabanilərin qazanması və türkmanların zəif nəticəsi Türkiyə üçün yaxşı xəbər deyil. Doğrudur, İraq Kürdüstanı ticari olaraq dünyaya çıxması üçün Türkiyədən asılıdır. Türkiyənin əsas strategiyası kürd dövləti qurulsa belə, onun dənizə çıxışı olmamalı və o quruda Türkiyədən asılı olmalıdır. Suriyada son əməliyyatlarla Türkiyə Suriya kürd hərəkatlarının dənizə çıxışını önlədi. Seçki nəticələri bu cür olarsa, Kərkük uğrunda ərəb və kürdlər arasında rəqabət artacaq, təəssüf ki, soydaşlarımız olan türkmanlar bu mübarizədə zəif tərəfdir. İraq Kürdüstanı Kərkükü öz administrativ sərhədlərinə daxil etməyə çalışa bilər, çünki burada zəngin neft yataqları var. Onlar üçün nefti həm Qərbə, həm də Türkiyəyə satıb ticarətini genişləndirmək və İraqda öz gücünü artırmaq vacibdir”.
Turan Rzayev
Globalinfo.az














