Daha üç klubumuz avrokuboklarda – “Neftçi” isə…

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI turu oynanılıb.

Globalinfo.az xəbər verir ki, ilk oyun günündə 3 həlledici qarşılaşma keçirilib.

Matçlar avrokuboklara vəsiqə baxımından əhəmiyyətli sayılıb. Bundan əlavə, çempionatda gümüş və bürünc mükafatçı da müəyyənləşib.

Sonuncu turun matçında “Sumqayıt” “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Sabah” səfərdə “Neftçi”ni minimal hesabla üstələyib – 1:0.

Xallarının sayını 58-ə çatdıran “Zirə” həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik “Sabah” üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Rəqiblərindən bir xal az toplayan “Sumqayıt” dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparacaq. “Neftçi” isə avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək “Turan Tovuz” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.