Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianı Moskvaya dəvət edib. O bu barədə İran Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianlə görüşü zamanı danışıb. Səfər çərçivəsində iki ölkə arasında yeni sazişin imzalanması gözlənilir.
Putin Məsud Pezeşkianla nələri danışmaq istəyir? Bu görüş Zəngəzur dəhlizinin açılmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, son zamanlar Rusiya və İran arasında Zəngəzur dəhlizi ilə bağlı bəzi gərginliklər yaşanır:
“Bununla yanaşı iki ölkə arasında həm Ukrayna müharibəsi ilə bağlı , həm də digər istiqamətlərdə əməkdaşdaşlıq yüksək səviyyədə davam etdirilir. Cənubi Qafqazda Rusiya və İranın bir-birilərinə qarşı rəqabət içərisində olduğunu görürük. İranın Zəngəzur məsələsində rəsmi Moskvanı ağır formada tənqid etməsinə baxmayaraq, Rusiya Tehrana sərt cavab verməyib. Böyük ehtimalla Rusiya bu məsələni həll etmək üçün İran prezidentini Moskvada görmək istəyir. Digər variant isə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsidir. Belə ki, Pezeşkian prezident seçildikdən sonra ilk dəfə Moskvaya səfər etmiş olacaq”.
Politoloq tərəflər arasında hansı məsələlərin müzakirə olunacağına da aydınlıq gətirib:
“Cənubi Qafqazdakı problemlər, Zəngəzur dəhlizi, Rusiya-Ukrayna müharibəsi və s. kimi məsələlər müzakirə ediləcək. Putinin Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olmadığı ilə bağlı Pezeşkianı razı salmağa çalışması da istsina edilmir”.
Safura Bənnayeva
Globalinfo.az














